Lənkəranda taktiki-xüsusi təlim keçirildi
FHN Lənkəranda “Baş vermiş fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Nazirliyin qurumları və digər dövlət orqanları arasında əlaqələndirmə, idarəetmə və nəzarət işinin təşkil edilməsi” mövzusunda taktiki-xüsusi təlim keçirib.
APA TV-nin yerli bürosu xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd sularda insanların təhlükəsizliyinin təmin olunması sahəsində əlaqələndirmə, idarəetmə və nəzarətin həyata keçirilməsi, eləcə də rəhbər, komandir-rəis heyəti və digər təlim iştirakçılarının fövqəladə hadisələr zamanı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin edilməsidir.
Təlim zamanı Lənkəran rayonu, Nərimanabad qəsəbəsi ərazisində yerləşən limanda balıqçı təyinatlı “U-42” gəmisində şərti yanğın hadisəsinin baş verməsi, bu zaman gəmidə olan şəxsi heyətin “köməksiz vəziyyətdə” qalması və 1 nəfərin “suya düşməsi” barədə FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.
Təlim zamanı baş vermiş şərti yanğın “söndürülüb”, 26 nəfər gəmi heyətindən 18 nəfər təxliyə edilib, suya düşmüş 8 nəfərdən 7 nəfəri “xilas olunub”, 1 nəfər şəxsin “cəsədi” tapılaraq “aidiyyəti üzrə təhvil verilib”.
Uğurla keçirilmiş təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.