Lənkəranda torpaq sürüşməsi aktivləşdi

Lənkəran rayonunun Vilvan kəndində torpaq sürüşməsi aktivləşib. 

 

Sakinlərin APA TV – nin yerli bürosuna verdiyi məlumata görə, 10-a yaxın ailənin yaşadığı evlərdə və həyətyanı sahələrdə problemlər yaranıb. Torpaq sürüşməsinin baş verməsinə son günlər cənub bölgəsində yağan aramsız yağışlar səbəb olub.

 

Kəndin ərazisindən keçən Veravul çayının daşması nəticəsində sel suları sakinlərin torpaqlarını, əkin sahələrini məhv edib, 500-ə yaxın sitrus ağacını kökündən çıxarıb.

 

Sakinləri narahat edən məsələ ilə bağlı Lənkəran Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsinin rəisi Allahyar Salayev bildirdi ki, ərazi mütəxəssislər tərəfindən qeydiyyata alınıb.

 

İdarə rəisi onu da bildirdi ki, həmin ərazidə yaşayan sakinləri sel sularından qorumaq üçün yaxın zamanlarda müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, 10-a yaxın ailənin yaşadığı ərazidə sürüşmə zonasının hələ də aktiv olduğu bildirilir

 

İlkin Rzayev

Rövşən Almazoğlu

APA TV Lənkəran

 

 

Müəllif | Apa.Tv
Apa.tv