Lənkəranda uşaqlar üçün təhlükəli bağça
Bu bağçanın damında gül – çiçək, hətta ağac da var. Amma binanın bu cah-calalı görüntüsünə gözəllik qatmaq istəyinin təzahürü deyil. Bina illərdir ki təmir olunmur deyə bu vəziyyətdədir. Söhbət Lənkəran rayonunun Liman şəhərində yerləşən 16 nömrəli körpələr evi - uşaq bağçasının binasından gedir. Ötən əsrin 37 – ci ilində tikilib istifadəyə verilən binada bu günə kimi hər hansı bir əsaslı təmir işləri aparılmayıb. Dəfələrlə müəllimələr və valideynlər şəxsi vəsaitləri hesabına bağçada təmir işləri gördürsələr də, bu kifayət etmir. Bina və uşaqlar üçün oyun meydançası olaraq nəzərdə tutulan ərazi əsl təhlükə mənbəyidir. Bağçada mavi yanacağın olmamasına görə, qış aylarında otaqlar odun sobası ilə qızdırılır. Qapı – pəncərələr, döşəmə, tavan qırıq olduğundan, otaqlarda istilik qalmır. Otaqların havalandırma sistemi yoxdur. Bu da uşaqların xəstələnməsinə səbəb olur. Lənkəran – Astara Regional Təhsil İdarəsinin Lənkəran Sektoru üzrə Məsləhətçisi Fəridə İsmayılova bildirdi ki, artıq aidiyyəti qurumlar bağçaya gedib, şəraitlə yerindəcə tanış olublar. Qeyd edək ki, hazırda bağçada 3 qrupda 50-yə yaxın uşaq təlim – tərbiyə alır. Uşaqların təlim – tərbiyəsi ilə 20 işçi məşğul olur. İlkin Rzayev Rövşən Almazoğlu APA TV Lənkəran