Lənkəranda xüsusi karantin rejiminə əməl etməyən şəxslər cərimələnib
Lənkəranda koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilir.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, koronavirus pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə ictimai nəqliyyatda riayət olunmasına nəzarət məqsədilə Lənkəran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən növbəti reyd təşkil olunub. Reyd zamanı rayondaxili marşrutlarda sürücü və sərnişinlərin gigiyenik vasitələr və sosial məsafə ilə bağlı müəyyən edilmiş qaydalara riayət etməsi yoxlanılıb:
- COVID-19 ilə əlaqədar maskaların taxılmasını yoxlayırlar. Biz ictimai nəzarət kimi hamılıqla tədbirə qoşuluruq və hamıya da tövsiyə edirik ki, maskalardan istifadə etsinlər.
- Kəmərə görə saxlayıb, maskanı bilmirdim, soruşdu. Anamla bir yerdəyəm, kütləvi deyilik ki, bundan sonra istifadə edəcəyik maskadan.
- İnanırsınız evdən tələsik çıxmışam yadımdan çıxıb, bundan sonra taxaram.
Reyd zamanı polis əməkdaşları sürücü və sərnişinlərlə profilaktik söhbətlər aparıb və tibbi maskalardan istifadənin zəruriliyini diqqətə çatdırıblar. İnspektor Hüseyn Qurbanzadə deyir ki, reyd zamanı Sərnişin və sürücülərə tibbi maskalar paylanılıb: “Bu gün keçirdiyimiz reyd COVID-19 karantin qaydalarını pozan sürücülərə, avtobus və taksi sürücülərinə, eləcə də onların sərnişinlərinə qarşıdır. Reyddə aşkar olundu ki, bəzi sürücülərimiz bu karantin qaydalarına əməl etsə də, lakin bir qisim sürücülərə bu qaydalara əməl etmədiyi üçün inzibati protokol tətbiq olundu, xəbərdarlıq edildi. Sərnişin və sürücülərə tibbi maskalar paylanıldı”.
Edilən xəbərdarlıqlardan sonra əksər sürücülərin tibbi maskadan istifadə etdiyinin şahidi olduq. Lakin hələ də bəzi sürücülərin nəqliyyat vasitəsinə normadan xeyli sayda artıq sərnişin götürdüyü müəyyən edildi. Bu halların infeksiyanın yayılması riskini artırdığı onlara izah olundu və həmin sürücülər barəsində qanunamüvafiq tədbirlər görüldü.
Tural Kərimov
Rövşən Əzimov
APA TV