Lənkəranın iki kəndinə giriş-çıxış məhdudlaşdırılıb – KORONAVİRUSA GÖRƏ
Lənkəran rayonunun bəzi kəndlərinə giriş-çıxışın dayandırılması ilə bağlı Nazirlər Kabinetinin qərarı bu gündən qüvvəyə minib.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, bu məqsədlə Lənkəran rayonunun Şıxəkəran və Şağlaküçə kəndlərinə giriş-çıxış dayandırılıb.
Bu günə qədər hər iki kəndin təxminən 200 sakinindən koronavirus testi üçün yaxma nümunələr götürülüb. 3280 nəfər əhalinin yaşadığı Şıxəkəran kəndində cüzi də olsa, koronavirusa yoluxma halları müşahidə edilib.
İcra nümayəndəsi Zamin Hüseynov yoluxma halını belə izah edir: “Astaradan 1 nəfər atası evinə qonaq gəlib və onda bu xəstəlik olduğundan həmin ailədə 5 nəfər bu xəstəliyə yoluxub. Hal-hazırda onlardan test əməliyyatı götürülüb. Astaradan gələn həmin xanım Cəlilabad MRX-da müalicə alır. Ümumilikdə bağçadan 13 nəfərdən yaxma götürülüb. Onun da səbəbi həmin ailə üzvlərindən bir nəfərin bağçada müəllimə işləməsidir”.
Lənkəranın giriş-çıxış məhdudiyyəti olan digər kəndi Şağlaküçədir. Xüsusi karantin rejiminin tələblərinə nəqliyyatda riayət olunmasına nəzarət məqsədilə Lənkəran Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən sürücü və sərnişinlərin gigiyenik vasitələr və sosial məsafə ilə bağlı müəyyən edilmiş qaydalara riayət etməsi yoxlanılır. Baş İnspektor Məhəmməd Rzayev deyir ki, sərnişinlərlə profilaktik söhbətlər aparılır və tibbi maskalardan istifadənin zəruriliyi diqqətə çatdırılır: “Hər iki kəndin bütün giriş hissələrində stasionar postlar qurulub. Burada polis əməkdaşları ilə yanaşı Daxili Qoşunların hərbi qulluqçuları da hərəkəti tənzimləyirlər. Bununla yanaşı, həmin kəndlərin daxilində avtopatrullar vasitəsilə də xidmət aparılır. Polis əməkdaşları tərəfindən əhali arasında izahat-maarifləndirmə işləri aparılır”.
Rayon sakini Mahir Sürətov verilən qərardan razıdır: “Pandemiya ilə bağlı dünən verilmiş qərarla tanışıq. Bu, Lənkəranın 2 kəndinə şamil edilib. Bu qərar bizim sağlamlığımızı düşünərək verilmiş bir qərardır, tam razıyıq”.
Qeyd edək ki, operativ nəqliyyat vasitələrinin, kənd təsərrüfatı təyinatlı avtomaşınların, həmçinin Nazirlər Kabinetinin müəyyən etdiyi qərara uyğun digər nəqliyyat vasitələrinin həmin ərazilər üzrə hərəkətində məhdudiyyət yoxdur.
Tural Kərimov
Rövşən Əzimov
APA TV