Lənkəranın məşhur turşu kababı necə hazırlanır?
Lənkəran mətbəxi deyəndə ağlımıza ilk gələn ləvəngi ilə hazırlanan yeməklər olur. Amma Lənkəranda qonaq qarşısına çıxarılan fərqli və daha dadlı bir yemək də var. “Turşu kabab plov”. Bu yemək demək olar ki, lənkəranlıların qonaq qarşısına çıxardıqları əsas yeməklərdən biri sayılır. Bu yemək çətin, zəhmət aparan və 3- 4 nəfərin köməyi ilə hazırlanan yeməkdir. Turşu kababın hazırlanması üçün, mal əti, qoyun əti, quyruq, ət qiyməsi, badımcan, soğan, sarımsaq, ədviyyatlar, abqora (limon suyu) və ən əsası çoxlu cəfəri lazımdır. Tikə ətləri ocağa qoyub, üzərinə iki – üç stəkan su əlavə edib qaynamağa qoyuruq. Həm qaynadılan ətin, həm də çəkilmiş ətin içində quyruq olur. Ət qaynayanadək isə biz xırda küftələrimizi hazırlayırıq. Küftələr tam hazır olana kimi badımcan soyulur və duza qoyulur. Daha sonra isə yeməyimizi bişirməyə başlayırıq. Turşu kabab əsasən qışda hazırlanır. Vaxtilə bu yeməyi hazırlayanda, nənələr əti, cəfərini, soğan – sarımsağı ət taxtasında döyərdilər. Yemək də daha dadlı alınardı. Artıq turşu kabab plovumuz hazırdır və süfrəyə verilmək üçün serviz olunur. Nuş olsun. Kənd sakinləri deyir ki, yemək yaşlı nəslin sayəsində bu günə kimi gəlib çatıb. Ağbirçəklərin tələbi ilə hər evdə gəlinlər bu yeməyi hazırlayır və nəsildən nəslə ötürülüb. Vaxtilə Lənkəranın bu məşhur yeməyini ərsəyə gətirmək üçün 2 – 3 ailə bir yerə toplaşardı.
İlkin Rzayev Rövşən Almazoğlu