Lənkəranlı dərzidən ordumuza dəstək – BAYRAQ TİKƏRƏK CƏBHƏYƏ GÖNDƏRİR
Son günlər Dövlət Bayrağımızı təmənnasız tikərək cəbhə bölgəsinə göndərən lənkəranlı dərzi sosial şəbəkələrin fenomeninə çevrilib.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, cəbhə xəttində düşmən təxribatına layiqincə cavab verən ordumuzun yeni zəfərləri xalqımızda böyük ruh yüksəkliyi yaradıb. Ölkəmizin müxtəlif yerlərindən vətəndaşlarımız qüdrətli Azərbaycan Ordusuna hər bir vasitə ilə dəstək olmağa çalışır.
Həmin vətənpərvər insanlardan biri də Lənkəranın Kərgəlan kəndində dərzi işləyən Mehman Bayramovdur.
56 yaşı olan Mehman usta 35 ildir dərzi işləyir. Müsahibimiz 50-dən çox bayraq tikərək cəbhəyə göndərib: “3 ildir ki, bayraq tikməyə başlamışam. Bələdiyyələrə, seçkilərdə həmişə tikmişəm, məktəblərə bayramlarda tikib vermişəm. Nə veriblər almışam pulunu. İndi hal-hazırda müharibədir, oğlum da cəbhədədir. Mən də qərara gəldim ki, əlimdən əgər bayraq tikmək gəlirsə, pulsuz başladım tikməyə. 3 gün ərzində göndərmişəm cəbhəyə, Füzuliyə, Beyləqana göndərmişəm”.
Mehman ustanın ən böyük arzusu cəbhəyə göndərdiyi bayraqların işğaldan azad olunmuş torpaqlarımızda dalğalanmasıdır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV