Lerikdə baş verən dəhşətli qəzanın bəzi təfərrüatları məlum olub
Bu gün axşam saatlarında Lənkəran - Lerik yolunda 8 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. APA TV - nin yerli bürosunun verdiyi xəbərə görə qəza hadisəsi Lənkəran - Lerik yolunun 45 - ci km- də Lerik rayonunun Günəşli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Lənkəran rayonunun Boladı kənd sakinləri, 18 - 20 nəfər tutumlu mikroavtobusla Lerik rayonuna ziyarətgaha gediblər. Qayıdarkən sürücü idarəetməni itirib və mikroavtobus yol kənarındakı betona, sonra irigövdəli ağaca çırpılaraq aşıb. Dərhal hadisə yerinə FHN - nin və TƏBİB - in tabeliyində fəaliyyət göstərən Lerik, Lənkəran və Masallı tibbi briqadaları cəlb olunub. Xilasetmə zamanı hadisə yerində 5 nəfərin yerindəcə öldüyü məlum olub. 3 nəfər yaralı Lerik rayonuna, 5 nəfər isə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Vəziyyətləri daha ağır olan 3 yaralı xəstəxanada dünyasını dəyişib. Ölən və yaralıların bəzilərinin adları məlum olub. Belə ki, mikroavtobusun sürücüsü 63 yaşlı Səyyad Səyyadov, 64 yaşlı Nazilə Kərimova, 63 yaşlı Şərafət Fərəcova, 70 yaşlı Əsbət İbrahimova, 63 yaşlı Gülər Qurbanova, 62 yaşlı Zəhra Səyyadova və 69 yaşlı Lətifə Axundova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Dilarə Xəlilova, Sərvər Həşimova, Saray Axundova, Təcrübə Ağayeva, Güldəstə Cəfərova, Səmayə Rzayeva və Zərnitac Tahirova dünyalarını dəyişiblər. DİN Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev baş verən qəza hadisəsində 8 nəfərin ölməsini təsdiqləyib. Bildirib ki, ilkin ehtimala görə qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.