Lerikdə torpaq sürüşməsi: 15 ailə və bir məktəb təcrid olunma təhlükəsi ilə üz – üzə

Lerik rayonunun Hamarmeşə kəndinin Qoqaçöl məhəlləsi və ya Yuxarı məhəllə deyilən ərazidə yaşayan 15 ailə və bir məktəb təcrid olunma təhlükəsi ilə üz – üzə qalıb. Torpaq qatının sürüşməsinə səbəb, son vaxtlar rayon ərazisinə yağan intensiv yağışlar olub. Hazırda aktiv sürüşmə zonasında 3 ev üçün real təhlükəli vəziyyət yaranıb. Bir ev isə yaşayış üçün yararsız hala düşüb. Torpaq sahəsinin mühafizəsi və sürüşmənin qarşısını almaq üçün ərazidə yerli bələdiyyə tərəfindən təqribən 30 metr uzunluğunda istinad divarları tikilib. Buna baxmayaraq torpaq sürüşməsi və böyük torpaq kütləsi həmin divarı dağıdıb. Vaxtilə köhnə məktəb binası da sürüşmə zonasında yerləşib. Sürüşmə nəticəsində məktəb binası qəzalı vəziyyətə düşdüyündən dövlət tərəfindən yeni məktəb binası tikilib. Həmin məktəbə gediş – gəliş bu yoldan keçir. Müəllimlərin bildirdiyinə görə, bəzən məcburiyyət qarşısında qalıb, maşınları uzaqda saxlayıb, dərsə piyada getməli olurlar. Ərazidəki təhlükəli vəziyyətlə bağlı aidiyyəti orqanlar məlumatlandırılıb. Ekologiya və Təbii sərvətlər Nazirliyinin mütəxəssisləri gəlib yerində araşdırma aparıb. Evi qəzalı vəziyyətdə olan Rauf Əhmədova bildirilib ki, müvəqqəti öz həyətində olan köməkçi tikiliyə yerləşsinlər. Qeyd edək ki, hazırda ərazidə təhlükəli vəziyyət qalmaqdadır. Evlərdə olan o əyilmə və çatlar bir qədər də artıb. O cümlədən, sürüşməyə görə yolun bərbad vəziyyətə düşməsindən, kəndin Yuxarı məhəlləsində 120 şagird yerlik məktəb binası üçün də təhlükə yaranıb. İlkin Rzayev, Rövşən Almazoğlu, APA TV

Müəllif | Apa.Tv
Apa.tv