Lerikdə torpaq sürüşməsi nəticəsində ev uçub, ailə başçısı isə dünyasını dəyişdi
Lerikdə torpaq sürüşməsi nəticəsində ev uçub, ailə başçısı isə dünyasını dəyişib.
APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Çayrud kəndində baş verib. Torpaq sürüşməsi nəticəsində Arif Əlirzayevə məxsus ev dağılıb. Hadisə nəticəsində ailə başçısı Arif Əlirzayev dünyasını dəyişib. Ailənin digər üzvləri - 2014-cü il təvəllüdlü Ayan Əlirzayeva və anası, 1988-ci il təvəllüdlü Qızqayıt Əliyeva müxtəlif xəsarətlə Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə nəticəsində dünyasını dəyişən ev sahibi Arif Əlirzayevin qardaşı Rövşən Əlirzayev deyir ki, hadisə səhər saatlarında baş verib: “Səs gəldi, çıxdım həyətə səsə gördüm ki, ev uçub. Bütün qohum-qonşularda qaçdı, gəldi bu haraya, mən də gəldim. İlk çatan biz idik, kiçik qardaşım ilə. Pəncərəni sındırdım, girdik içəri, biz bunların yerini tapdıq, təqribi müəyyən elədik haradadır, haradasa 10-15 dəqiqə çəkdi. Qardaşımın yoldaşının başı görünürdü, dedi ki, “mən salamatam, amma ayağım zədəlidir, Arif də yanımdadır”. Biz qaçmaq istədik arxadakı divar gəldi bizi örtdü. Balaca qızla, oğlanın da səsi gəldi, onlar görüb ki, ev uçur, taxtın altına girib özlərini mühafizə ediblər.
Lerik rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun sözlərinə görə, hadisədən sonra əraziyə aidiyyatı qurumların əməkdaşları cəlb edilib: “Çox təəssüflər olsun ki, evin sahibi Arif Əlirzayev dünyasını dəyişmişdir. Yerdə qalan 2 nəfər isə Rayon Mərkəzi Xəstəxanasına gətirilmiş, orada həkim müayinəsi keçdikdən sonra, onların səhhətində ciddi problem olmadığına görə, evə buraxılmışdır. Bununla əlaqədar FHN və ETSN-ə müraciət edilmiş, buradakı ekoloji vəziyyətin araşdırılması üçün mütəxəssislər dəvət olunmuşdur. FHN-nin regional bölməsinin əməkdaşları hadisə yerində olmuş və müvafiq akt tərtib etmişlər”.
Kənd sakinləri deyir ki, 5-6 gün bundan qabaq sulu qarın yağması və sonradan yüksək temperaturun müşahidə edilməsi torpaq qatının sürüşməsinə səbəb olub. Evə gəldikdə isə, 8 il əvvəl bütün tikinti normalarına uyğun olaraq inşa edilib.
- “Evlə ara məsafə 6 metr, istinad beton divarı var idi. Evdə betondan olan evdir, 1-ci və 2-ci mərtəbə arasında monolit beton idi. Evin qabağında da 12 metrə yaxın məsafə var idi”.
Hadisə nəticəsində ev sahibinə məxsus “Niva” markalı maşın da dağıntılar altında qalıb. Faktla bağlı araşdırma aparılır.