Lerikdə yaşayış evləri torpaq sürüşməsinə məruz qalıb
Lerikdə yaşayış evləri torpaq sürüşməsinə məruz qalıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Lerikin ən ucqar dağ kəndlərindən biri olan Veri Əliabadı kəndində torpaq sürüşməsi nəticəsində 10-a yaxın ev qəzalı vəziyyətə düşüb. Əsasən çay boyunca 1 km-ə yaxın ərazidə iki ilə yaxındır ki, sürüşmə aktivləşib. Son zamanlar yağıntıların çox olması torpaqda aşınma prosesini sürətləndirib. Bu da kənddə yaşayan ailələrin çoxunu haqlı olaraq narahat edir.
Veri Əliabadı kəndi dəniz səviyyəsindən təxminən 160 m hündürlükdə yerləşir. Burada 80-ə yaxın ev var. Torpaq sürüşməsi nəticəsində ümumilikdə 20-dən çox tikilidə irili-xırdalı çatlar yaranıb.
Kənd icra nümayəndəliyindən isə bildirilib ki, aidiyyatı orqanlara məsələ ilə bağlı məlumat verilib.
Evlərinin hər an uçmaq təhlükəsi olan kənd sakinləri tezliklə aidiyyəti qurumlar tərəfindən müəyyən tədbirlərin görülməsinə ümid edirlər.
Tural Kərimov
Rövşən Əzimov
APA TV Lerik