Lökbatanda ölən Qobu məktəbliləri - TƏFƏRRÜAT
Ötən gün Qaradağ rayonunun Lökbatan qəsəbəsində 16 və 17 yaşlı iki məktəbli qız intihar edib.
APA TV-nin çəkiliş qrupu intiharın səbəblərini öyrənmək üçün hadisə yerinə yollanıb, məktəblilərin ailələrində olublar.
Qeyd edək ki, intihar edən Əfruz Səmədova və Mətanət Quliyeva eyni sinifdə təhsil alıblar. Hər iki məktəblinin ailəsi Qobu qəsəbəsində, yaxın məsafələrdə yaşayıblar. Qızlar sinif yoldaşı olmaqla yanaşı, eyni zamanda yaxın dost olublar. Onların Qobuda yaşamalarına baxmayaraq, intihar hadisəsinin Lökbatanda baş verməsi isə təsadüfi deyil.
Əfruz Səmədova və Mətanət Quliyeva Qobu qəsəbəsindəki 2 nömrəli məktəbin 11-ci sinfində təhsil alıblar. Lakin intihar hadisəsinin məhz Lökbatan qəsəbəsində baş verməsinə səbəb bu olub ki, qızlar orta məktəbdə dərsləri bitdikdən sonra ali məktəbə hazırlıq dərsləri üçün Lökbatan qəsəbəsinə gedirmişlər.
İlk baxışdan aydın görünür ki, bina son zamanlar istifadəyə verilib. Bundan əlavə, binada təhlükəsizlik kameraları olub və giriş qapısı kodlaşdırılıb. Elə biz də bina sakinlərinin köməyi ilə bloka daxil ola bildik. Gördüyümüz mənzərə isə heç də ürəkaçan olmadı. Belə ki, 9-cu mərtəbədən binanın damına çıxa bilmək üçün nəzərdə tutulan qapı açıq vəziyyətdə idi.
İntihardan öncə hər iki məktəbli binanın 9-cu mərtəbəsindən, bu hissədən çıxıblar və hər ikisi eyni vaxtda binanın qarşı hissəsinə doğru gəliblər. Buradan isə yüksəklikdən özlərini aşağıya doğru atıblar.
Məsafənin yüksək olması hər iki məktəblinin hadisə yerində dünyasını dəyişməsinə səbəb olub.
Binanın damından atılarkən məktəblilərdən biri 3-cü mərtəbədə olan kondisionerə çırpılıb. Daha sonra hər ikisi eyni anda bu hissəyə düşərək canlarını tapşırıblar.
Mətanət Quliyevanın atası Elşən Quliyevin sözlərinə görə, Mətanət 3 övladının sonbeşiyi olub. Ailənin böyük qızı isə Azərbaycan Dillər Universitetinin sonuncu kurs tələbəsidir.
Birinci Qarabağ müharibəsinin iştirakçısı olan ata mehriban ailəsinin olduğunu, ailədə hər hansı söz-söhbətlərinin olmadığını deyir. Mətanət də öz istəyi ilə 1-ci ixtisas qrupu üzrə hazırlaşıb: “Bizim ailəmiz münaqişəli ailə deyil. Hər zaman mehriban dolanıb. Qızlarım mənim əzizlərimdir, canım-ciyərimdir. Eləcə də digər ailə üzvlərim. Bütün kənd camaatı, qohumlar, məktəb yoldaşları da bunu təsdiqləyə bilər. Son 3-4 gün idi mən işdə idim. Dünən də hadisəni eşidib işdən gəlmişəm. Ancaq olmayıb ki, kiminləsə sözü tutmasın. Mehribançılıq olub hər zaman”.
Mətanət və Əfruz dost olduqları üçün ara-sıra biri digərinin ailəsinə qonaq da gedib. Ata hadisənin intihar olmasına inanmadığını deyir: “Bu işin əsas səbəbi qızların selfi çəkmək istəyi olub. İstəyiblər ki, yüksəyə çıxıb qəsəbənin görüntüsü tam olan yerdə şəkil çəkdirsinlər. Bu zaman sürüşüblər, biri yıxılarkən digəri onu tutmağa çalışıb. Bu zaman hər ikisi üzüaşağı yıxılıb”.
Məktəblilərin yaxınları da bu faciənin onlar üçün gözlənilməz olduğunu deyirlər. Hacıbala Seyidverdiyev hər iki ailənin zəhmətkeş, sayılıb seçilən ailə olduğunu deyir: “Heç kim istəməzdi ki, belə bir hadisə baş versin. Bütün kənd bu ailələrin necə yaxşı ailə olduqlarını bilirlər. Yəqin ki Allahın yazdığı bu cür olub”.
Çəkiliş apardığımız müddətdə Əfruz Səmədova hələ dəfn olunmamışdı. Bu səbəbdən ailəsi müsahibə verməyə razı olmadı. Öyrəndik ki, ailənin yeganə övladı olan Əfruz yaxşı rəssamlıq qabiliyyətinə malik olduğu üçün dəfələrlə müxtəlif rəsm sərgilərinin qalibi seçilib.
Şagirdlərin sinif rəhbəri Səmayə Hüseynova hər iki qızın əlaçı olduğunu deyir: “Hər ikisi əlaçı şagirdimiz idi. Çox tərbiyəli, sakit, mədəni qızlar idi. Dərslərini yaxşı oxuyurdular, fəal iştirak edirdilər. Mətanət Quliyeva dərslərini yaxşı oxuyurdu. Bütün qiymətləri 4-5 idi. Əfruzun bütün qiymətləri 5-dir. Biz onlar haqqında yalnız təəssüf hissi keçiririk”.
Qeyd edək ki, hər iki məktəbli Qobu qəbiristanlığında dəfn edilib. Baş Prokurorluğun yaydığı məlumata görə, hadisə ilə bağlı cinayət işi başlanıb.
Xələf Xələfov,
Faiq Həsənov,
APA TV