Los Anceles polisi erməni lobbisinin yalanlarını ifşa edib

“Məlum olduğu kimi, 21 iyul 2020-ci il tarixində yüzlərlə radikal erməni daşnakları Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun qarşısında azsaylı soydaşlarımıza vəhşicəsinə hücum edərək onlara xəsarətlər yetirib. Los Anceles Polis İdarəsi (LAPD) hazırda azərbaycanlılara qarşı həyata keçirilmiş bu zorakılığı nifrət zəminində törədilən cinayət maddəsi üzrə araşdırır”.

 

Bu barədə APA TV-ya Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan bildirilib. Qeyd olunub ki, bu cinayətdən diqqəti yayındırmaq məqsədilə aksiyanın təşkilatçıları olan Amerika Erməni Milli Komitəsi (ANCA) və Erməni Gənclər Federasiyası (AYF) dünəndən bəri sosial media platformalarında guya azərbaycanlıların aksiya yerinə müxtəlif silahlarla gəldiklərini iddia edib.

 

Bu yalan iddialar səsləndirilən kimi, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və buradakı Azərbaycan icmasının apardığı dəqiq və detallı araşdırma nəticəsində, iddia olunan silahların (mişar, çəkic və digər alətlər) məhz bir radikal erməni daşnakı tərəfindən aksiya yerinə gətirildiyi məlum olub. Həmin erməninin öz maşını ilə bir neçə dəfə azərbaycanlı nümayişçilərin dayandığı yerdən keçdiyi və təxribat törətmək məqsədilə onların üzərinə həmin alətləri atdığı aşkar edilib. Baş Konsulluq həmin şəxsin bu hərəkətləri və onun maşınının əks olunduğu video görüntüləri qısa film şəklində dərhal hazırlayaraq sosial şəbəkə hesablarında paylaşıb.

 

Baş Konsulluq həmçinin bu məlumatı və həmin maşının nömrəsini Los Anceles Polis İdarəsinə bildirib.

 

Bundan əlavə, baş konsul Nəsimi Ağayev erməni lobbisinin azərbaycanlı icma üzvlərimizə qarşı qaldırdığı yalan iddialarla bağlı Los Anceles Polis İdarəsinə müraciət edərək onlardan məsələ ilə bağlı açıqlama istəyib. Buna cavab olaraq, 21 iyul hadisəsi zamanı polis qüvvələrinə rəhbərlik etmiş, idarənin Qərbi Los Anceles bölməsinin rəisi Rendi Qodard Twitter sosial şəbəkəsində guya azərbaycanlı icma üzvlərimizin mişar, çəkic, bıçaq və metal çubuq kimi alətlərlə silahlanmalarına dair iddiaları nəzərdən keçirdiyini və bunun qəti şəkildə doğru olmadığını vurğulayıb. O, polis əməkdaşlarının azərbaycanlılar üzərində hər hansı silah görmədiklərini və onlardan heç bir silahı müsadirə etmədiklərini də diqqətə çatdırıb.

 

Beləliklə, radikal erməni lobbisinin daha bir yalanının üstü açılıb.

Müəllif | Apa.Tv
Apa.tv