Mağazadan 4000 manat dəyərində oğurluq etdi

Zaqatalada sərxoş vəziyyətdə mağazadan oğurluq edən şəxs saxlanılıb.

APA TV-nin məlumatına görə, Zaqatalada şəhər ərazisində yerləşən mağazadan 1 500 manat pul, 2 500 manat dəyərində müxtəlif tütün məmulatları və enerji içkiləri, eləcə də texniki avadanlıqlar oğurlanması barədə Zaqatala rayon polis Şöbəsinə məlumat daxil olub.

Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Yuxarı Çardaqlar kənd sakini Tamerlan Abdullayev tutularaq istintaqa təhvil verilib.

Saxlanılan şəxs ifadəsində törətdiyi cinayət əməlini etiraf edib və həmin an sərxoş vəziyyətdə olduğunu bildirib. Oğurladıqlarını isə yaşadığı çoxmənzilli binanın həyətindəki yardımçı tikilidə gizlətdiyini qeyd edib.


Faktla bağlı cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv