Mağazalarda hədiyyə tələsi: Boş qutunu 50 manata necə satırlar?

Hər “Yeni il” qabağı olduğu kimi bu il də market və dükanlarda, yarmarkalarda uşaqlar üçün içində oyuncaq, qida məhsulları olan bağlamalar satışa çıxarılıb.

 

Üzdən bər-bəzəkli, cəlbedici görünən bu bağlamalar bizi sözün əsl mənasında dərdə salır desək, yanılmarıq.

 

5 manatdan 500 manata qədər çeşidli qiymətlərə satılan bu hədiyyə qutularının içində heç nə olmur desək, yenə yanılmarıq.

 

Pul verib alırıq, uşaqlar da sevinir, sahibkarlar da. Hətta sahibkarlar uşaqlardan daha çox sevinir. Niyə? Çünki mayası 3-4 manata olan bağlamanı 10-15 dəfə baha satırlar. 

Baha satılmağı bir yana qalsın, adamı ən çox yandıran qutulardan çıxan keyfiyyətsiz, lazımsız, hətta zərərli məhsullardır.

 

Sanki bir qrup işbaz var, özlərinə söz veriblər ki, hər bayramda bir yol tapıb camaatın cibinə girəcəklər. Fərqi yoxdu, nə bayramıdır, əsas odur kütləvi olsun, bəhsəbəs yaransın.

 

Elə sorğumuzda iştirak edənlərin böyük əksəriyyəti də bu dediklərimizi deyir. Yəni baha olur və içində normal hədiyyələr olmur.

 

Bəziləri isə ümumiyyətlə bağlı hədiyyələrdən istifadə etmədiklərini deyirlər.

 

Yeni il üçün hazırlanmış bu hədiyyə qutusunun nə az nə çox 6 manat dəyəri var, ancaq içindəki məhsullar 6 manata dəyərmi ya yox indi ona baxacayıq.

 

Bəli, aldığımız hədiyyə qutusunun içindən ancaq bunlar çıxdı. Hesablayanda görmək olur ki, bu məhsulların hamısının bir yerdə maksimum 3 manat dəyəri var. Əslində əksər ölkələrdə bu cür bağlamalar bir çox şirkətlər, qurumlar tərəfindən uşaqlara hədiyyə kimi verilir. Yəni pulsuz... Bizdə isə gördüyünüz kimi fürsətə çevrilir.

Bəs bu cür süni qiymət artımına, daha doğrusu alıb-aldatma meydanına necə şərait yaranır?

 

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, süni qiymət artımı birbaşa tələbatdan irəli gəlir: “Yeni il qabağı hədiyyələrin keyfiyyəti əsasən də uşaqlara alındığını nəzərə alsaq onların sağlamlığı ilə bağlı problemlər yaratması ehtimalı var . Çox zaman həmin hədiyyə paketlərinin içinə vaxtı keçmiş ərzaqlarda qoyulur. Problem bundan ibarətdir ki indi həm qiymətlər bahadır həm də məhsulların özləri keyfiyyətsizdir. Belə hallar zəhərlənmələrə də gətirib çıxara bilir”.

 

Ancaq şəkilli, rəngli qutularda qablaşdırılmış bu hədiyyələri almağa həvəsli olan uşaqları nə qiymət maraqlandırır, nə də içindəki məhsulların keyfiyyəti.

 

Bəs nə edək ki, həm uşaqlarımızı sevindirə bilək, həm də aldanmayaq?

 

Ekspertlərin fikrincə, narazı alıcılar bu cür qutuları özləri də asanlıqla hazırlaya bilərlər. Bu cür hədiyyə paketləri bazarda 50 qəpiyə satılır. İçini isə öz cibinizə, seçiminizə uyğun, təhlükəsiz məhsullarla doldura bilərsiniz.

Beləcə, uşaqlara verdiyiniz hədiyyə onların canını, sizin cibinizi yandırmaz.

 

Nərmin Murad

Fariz Quliyev

APA TV

Müəllif | Apa.Tv
Apa.tv