Magistr təhsilli Müharibə Veteranı 2 ildir niyə iş tapa bilmir? - APA TV SORĞULADI
İsmayıllıda yaşayan Vətən Müharibəsi iştirakçısı, 27 yaşlı magistr təhsilli Həsənxan Mehdiyev işlə təmin olunmaq üçün müraciət etdiyi bütün idarə və təşkilatlardan yox cavabı alıb. Dəfələrlə rayon icra hakimiyyətinə etdiyi müraciətlər də nəticəsizdir: “50-dənə yerə yaxınlaşmışam - şirkətlərə, dövlət idarələrinə. İsmayıllı rayonunda Məşğulluqdan tutmuş bir dənə dövlət idarəsi qalmayıb ki, mən ora yaxınlaşmayım. Hamısına müraciət eləmişəm, hamısı da deyib, “hə problem deyil, sizin məsələnizi həll edəcəyik”. Hələ də həlinə bir çarə tapan yoxdur, bu 2 il ərzində”. Deyir, 2013-2017-ci illərdə Memarlıq və İnşaat Universitetinin “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” fakültəsini bakalavr pilləsi üzrə, 2017-2019-cu illərdə həmin universitetin “Yol hərəkətinin təşkili və təhlükəsizliyi” fakültəsini magistr pilləsi üzrə bitirmişəm. Müharibədən öncə özəl şirkətlərdən birində çalışdığını və 1400 manata yaxın əmək haqqı aldığını deyən müsahibimiz bildirir ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı işdən çıxaraq torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərə qatılıb. Müharibədən sonra "Ağdamın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Amma 2 ildir ki, özünə iş tapa bilmir. Rayon icra hakimiyyətinin başçısı Nahid Bağırovun, birinci müavini Mahmud Süleymanovun qəbulunda olduğunu deyən Həsənxan Mehdiyev müraciətinin hələ də cavabsız qaldığını, onun rayonda işlə təmin edilməsi üçün tədbir görülmədiyini bildirir. Həsənxan Mehdiyevin şikayətini araşdırmaq üçün biz də üz tutduq rayon icra hakimiyyətinə. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırma şöbəsinin müdir müavini Şahin Hüseynov deyir ki, Həsənxan Mehdiyevin bitirdiyi ixtisas üzrə rayonda hələ ki, iş yeri yoxdur. Bununla belə, onun rayonda işlə təmin olunması üçün sahibkarlarla söhbət aparılır: “Biz onu müəyyən qurumlara yönəldirik. Eyni zamanda, bizdə Baskal İstirahət kompleksinə onu yönəldirik. Yəni orada münasib, ona münasib olan işlə təmin olunsun. Özünə uyğun olsun. Özünün belə deyim xoşuna gəlsin. Eyni zamanda, digər sahibkarlıq obyektləri ilə də əlaqə saxlayacağıq. Dövlət qurumlarında da biz iş olduğu halda onun işlə təmin olunmasına çalışacağıq”. Şahin Hüseynov Həsənxan Mehdiyevin öz ixtisasına uyğun işlə təmin olunması üçün aidiyyəti dövlət qurumlarından da kömək istədi: “Mən üzümü tuturam Respublikanın müvafiq qurumlarına. Azərbaycan Dövlət Baş Dövlət Yol Polisi İdarəsinə, eyni zamanda, AAYDA-ya və digər nazirliklərə. Elə bir kadrın işlə təmin olunmasına xahiş edirik ki, köməklik göstərsinlər. Bu gün bu Respublikamız üçün lazımlı kadrdır”. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya departamentinin müdiri Mayis Musayev deyir ki, Vətən Müharibəsi iştirakçısı Həsənxan Mehdiyev özünüməşğulluq proqramı çərçivəsində qoyunçuluq zərfi üzrə qeydiyyata alınıb.