Maksim Şevçenko Gəncədə Ermənistanın raket atdığı əraziyə baş çəkib

Rusiyalı siyasətçi, jurnalist, televiziya aparıcısı və ictimai xadim Maksim Şevçenko dekabrın 15-də Gəncəyə səfər edib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, M.Şevçenko cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket atdığı ərazilərə baş çəkib.

 

Məlumat verilib ki, oktyabrın 11-də və 17-də Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə məqsədli şəkildə ballistik raketlərlə atəşə tutulub. Gecə saatlarında raket hücumları nəticəsində 1 körpə, 5 uşaq, 10 qadın da olmaqla 30-a yaxın dinc sakin həlak olub, 90-dan çox insan yaralanıb.

 

Qonağa bildirilib ki, törədilmiş belə müharibə cinayətlərindən biri də 100 min əhalinin yaşadığı Bərdə rayonunun hədəfə alınmasıdır. Oktyabrın 27-də və 28-də Bərdə şəhərinin beynəlxalq səviyyədə qadağan edilmiş kasetli raketlərlə atəşə tutulması nəticəsində isə 1 uşaq, 8 qadın olmaqla 27 dinc sakin həlak olub, çoxlu sayda mülki şəxs xəsarət alıb.

 

Müəllif | Apa.Tv
Apa.tv