Maldivli müşahidəçi: “Seçkilərdə insanların iştirakı kifayət qədər yaxşı idi”

“Seçicilər hər hansı narahatlıq olmadan səs verirdilər”.

 

APA TV-nin xəbərinə görə, bunu ölkəmizdə parlament seçkilərini izləyən Maldiv Seçki Komissiyasının üzvü Fuwod Thowfock deyib: “9 fərqli ünvanda və ümumilikdə 11 seçki məntəqəsində müşahidələr aparmışıq. Biz səslərin sayılması prosesində də iştirak etmişik. Həmçinin müşahidə apardığımız seçki məntəqələrində seçki prosesinin tamamilə başa çatmasını müşahidə etmişik. Ümumilikdə seçki prosesi çox axıcı keçdi. Hava şəraitinin soyuq olması seçici fəallığına təsir göstərirdi. Amma buna baxmayaraq, seçkilərdə insanların iştirakı kifayət qədər yaxşı idi”.

 

O, seçki məntəqələrini həm daxildən, həm də xaricdən müşahidə etdiklərini bildirib: “Kənardan heç bir şəxsin seçicilərlə təmas qurmağa çalışmasına şahid olmadıq. Biz həmçinin rəsmi şəxslərlə də ünsiyyətdə olmuşuq. Bu zaman istər yerli müşahidəçilər, istərsə də komissiya üzvləri seçki prosesinin axıcı, rəvan olması üçün çalışırdılar. Bizim olduğumuz hər bir seçki məntəqəsində ən az 1 nəfər tərcüməçi var idi. Həmin insanlar bizim qarşı tərəflə ünsiyyət qurmamıza köməklik göstəriblər”.

 

Fuwod Thowfock Mərkəzi Seçki Komissiyasının seçkilərlə bağlı yüksək təşkilatçılığı və yaxşı hazırlığı ilə seçildiyini qeyd edib. Onun sözlərinə görə bağlanış zamanı 23 saylı seçki dairəsinin 22 saylı məntəqəsində olublar. 19:00-da prosesin tamamilə dayandırıldığını deyən Fuwod Thowfock bunu müsbət qiymətləndirib.

Müəllif | Apa.Tv
Apa.tv