Marketdən alış veriş etdi - "YOLDAŞINIZ PULU ÖDƏYİB, QIZIM" QEYDİ QOYULDU
Vətən müharibəsi şəhidi Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənovanın inşaat mağazasından aldığı alətlər üçün ödədiyi pulu satıcı geri qaytararaq paketin içinə "yoldaşınız pulu ödəyib, qızım" qeydini qoyub.
APA TV xəbər verir ki, Əzizə Həsənovanın bu barədə sosial şəbəkə hesabında paylaşımı hər kəsi təsirləndirib.
Qeyd edək ki, 12 ildir hərbidə xidmət edən Fariz Həsənov çavuş rütbəsini daşıyırdı. Oktyabrın 10-da döyüşlərə qatılan Fariz Füzuli rayonunun və onun 8 kəndinin alınması əməliyyatında iştirak edib. Oktyabrın 13-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Oktyabrın 16-da doğulduğu kənddə torpağa tapşırılıb. Vətən müharibəsində “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.