Masallı sakinləri tankçı qazini böyük coşğu ilə qarşılayıblar

Masallı sakinləri Böyük Vətən Müharibəsi qazisini böyük coşğu ilə qarşılayıblar. 


APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, sentyabrın 28-də Cəbrayıl rayonu istiqamətində gedən döyüşlər zamanı igid tankçılarımızdan olan Pərvin Həsənov qəlpə yaraları alaraq, sol qolunu itirib.
 

Xəstəxanada müalicə olunan cəsur döyüşçümüz sağalaraq doğulduğu Xırmandalı kəndinə qayıdıb. Kənd sakinləri, böyükdən-kiçiyə hamı Pərvini böyük sevgi və vətənpərvər şüarlarla qarşılayıblar. 
 

Pərvin Həsənovun anası Şəfayət Həsənova övladları ilə qürur duyduğunu bildirib: “İki oğlum da cəbhədə idi, biri qazi olub gəlib, biri də tankçıdır, tank komandiridir. Mən fəxr edirəm ki, belə övladlarımız var. Bu oğlumu da göndərməyə hazıram, təki Vətən sağ olsun! Prezidentimiz sağ olsun! Bütün cavanlarımız sağ-salamat ailələrinin, balalarının üstünə qayıtsın, bizim də balalarımız onların içində. Fəxr eləyirik hamımız. Şəhidlərimizə Allah rəhmət eləsin, qalanlara da şəfa versin! Sağ-salamat torpaqlarımız alınacaq, Allah qoysa. Bayrağı uca yerdə sancacaqlar”. 
 

Qeyd edək ki, müddətdən artıq hərbi xidmət qulluqçusu Pərvin Həsənov bu il sentyabrın əvvəllərində Moskva şəhərində təşkil olunan “Beynəlxalq Ordu Oyunları - 2020” yarışlarının “Tank biatlonu” müsabiqəsində uğurla iştirak edib. O, fərdi kateqoriyada 2-ci yerə çıxıb, komanda yarışında isə Azərbaycan tankçıları final mərhələsinə yüksəlib. 30 yaşlı Pərvinlə birgə müsabiqədə böyük qardaşı Amid Həsənov da yarışıb. İki qardaş biatlonda olduğu kimi, cəbhə bölgəsində də qəhrəmancasına mübarizə aparıblar. Qələbə bizimlədir!

Tural Kərimov
Rövşən Əzimov

Müəllif | Apa.Tv
Apa.tv