Masallı və Biləsuvarda yaşayış yerini tərk edən koronavirus daşıyıcıları aşkarlanıb
Masallı və Biləsuvarda yaşayış yerini tərk edən koronavirus daşıyıcıları aşkarlanıb.
APA TV-nin cənub bürosundan verilən məlumata görə, Masallı şəhər sakini Nizami Allahverdiyev və onun həyat yoldaşı Mənzər Allahverdiyevaya COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.
Lakin Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar şəhər ərazisində taksidə aşkar edilərək təcili tibbi yardımla yaşadıqları ünvana qaytarılıblar.
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının son bir neçə gündə keçirdiyi müvafiq tədbirlərlə 7 nəfər rayon sakininin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar rayon ərazisində müxtəlif yerlərdə, Səyyarə Əzizova və Aygün Qasımova isə Biləsuvar rayonunu tərk etmək istəyərkən stasionar postda saxlanılıblar.
Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, onların bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətlərinə çatdırılıb və tam sağalanadək evdən çıxmamaları barədə ciddi xəbərdarlıq ediliblər.
Həmin şəxslərin törətdiyi əmələ hüquqi qiymət verilməsi istiqamətində araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV