Masallı və Yardımlı polisi hərəkətə keçdi: Tutulanlar var

Masallıda yük avtomobili ilə narkotik daşıyan şəxslər saxlanılıb.

APA TV-nin xəbərinə görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər – Ağcabədi rayon sakinləri Elnur Məmmədov və Elçin Məmmədov, Sumqayıt şəhər sakini Pərviz Məhərrəmov yaxalanıb. Onlardan ümumilikdə 35 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb: “Masallı Rayon Polis Şöbəsində həmin avtomobilin yük yerinə keçirilən baxış zamanı oradan ümumi təmiz çəkisi 17 kiloqram 650 qram heroin, 10 kiloqram 750 qram marixuana, 600 ədəd metadon həbi və 6 kiloqram 315 qram psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb”.

Araşdırmalarla müəyyən edilib ki, Elnur Məmmədov, Pərviz Məhərrəmov və Elçin Məmmədov həmin narkotik vasitələri və psixotrop maddəni xarici ölkədə yaşayan narkotacir vasitəsilə əldə ediblər və ölkə ərazisində satışını təşkil etməli imişlər.

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları isə Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Rafael Allahverdiyev və Abşeron rayon sakini Mərahim İbrahimovu saxlayıblar.

Onlardan 1 kiloqrama yaxın metamfetamin, 1 kiloqram marixuana və 970 ədəd narkotik tərkibli həb aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

 

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Lənkəran

 

Müəllif | Apa.Tv
Apa.tv