Masallıda 58 yaşlı qadın evində qətlə yetirildi

 

Masallıda 58 yaşlı qadın yaşadığı evdə qətlə yetirilib.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayonun Hüseynhacılı kənd sakini, 58 yaşlı Aidə Şəmmədovanın yaşadığı evdə meyiti tapılıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Üzərində müxtəlif dərəcəli bədən xəsarətləri olan meyit müayinə olunmaqdan ötrü Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı Şöbəsinə təhvil verilib. Qeyd edək ki, mərhum Aidə Şəmmədova Hüseynhacılı kənd tam orta məktəbində riyaziyyat fənnini tədris edirmiş.

 

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayətin təfərrüatlarının müəyyən edilməsi, o cümlədən həmin cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Müəllif | Apa.Tv
Apa.tv