Masallıda karantin rejiminə nəzarət tədbirləri gücləndirilib
Sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu digər şəhər və rayonlarda olduğu kimi, Masallıda da şəhərin giriş-çıxışlarında stasionar postlar qurulub və nəzarət tədbirləri gücləndirilib.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, burada polis əməkdaşları ilə yanaşı, Daxili Qoşunların hərbi qulluqçuları da xidmət aparır.
Şəhərə daxil olmaq istəyənlərin, həmçinin yaşayış yerini tərk edən vətəndaşların icazə sistemində adının olub-olmaması və ya SMS icazəsinin mövcudluğu yoxlanılır.
DİN mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayevin sözlərinə görə, postlardan yalnız müvafiq icazəsi olanlar buraxılır. Bununla yanaşı, Masallı şəhərinin daxilində də polis əməkdaşları tərəfindən xidmət təşkil olunub. Vətəndaşların yaşayış yerini tərk etməsi ilə bağlı müvafiq icazələrinin olub-olmaması yoxlanılır. Eyni zamanda tibbi maska ilə bağlı tələblərə riayət olunmasına nəzarət işi də davam etdirilir.
Müəyyən olunmuş tələb və qaydalara riayət etməyənlər barəsində qanunamüvafiq tədbirlər görülür. Eyni zamanda pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə ətraf kənd və qəsəbədə yaşayan vətəndaşlara zərurət olmadığı hallarda və müvafiq icazəsiz rayon mərkəzinə gəlməyə cəhd etməmələri barədə xəbərdarlıq edilir.
Tural Kərimov
Rövşən Əzimov
APA TV. Masallı