Masallıda koronavirus xəstəsi işlədiyi ət dükanında aşkarlandı

Masallıda koronavirus xəstəsi işlədiyi ət dükanında aşkarlanıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayonun Ərkivan qəsəbə sakini Mösüm Kazımova COVID-19 testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, işlədiyi Ərkivan qəsəbəsində yerləşən ət dükanında aşkarlanıb.

Mösüm Kazımov polis əməkdaşları tərəfindən nəzərdə tutulmuş qaydalara uyğun olaraq dərhal təcili tibbi yardım vasitəsilə yaşadığı evə aparılıb. İşlədiyi mağaza isə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları və Gigiyena və Epidemiologiya İdarəsinin əməkdaşları tərəfindən baxış keçirildikdən sonra bağlanılıb.

Koronovirus daşıyıcısı olan Mösüm Kazımovla profilaktik söhbətlər aparılıb, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətinə çatdırılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

Həmçinin onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırmalar aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv