Masallıda koronavirusa qarşı peyvəndləmə işləri davam edir

Paytaxtla yanaşı bölgələrdə də COVID-19 infeksiyasına qarşı peyvəndlənmə işləri davam edir.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Masallı Rayon Mərkəzi Xəstəxanasında peyvəndlərin aparılması üçün 1 qeydiyyat, 2 gözləmə otağı, 1 həkim-müayinə, 4 peyvənd otağı yaradılıb. Ümumilikdə 15 nəfər tibbi personalın çalışdığı prosesdə vaksinlərin vurulması üçün soyuq zəncir sisteminə əməl olunur. Əks göstərişi olan şəxslərə vaksin vurulmur. İlk mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunanlar peyvəndlənir. Vaksinasiyadan keçmiş vətəndaşlar özlərini yaxşı hiss edirlər:

- Bura könüllü gəlmişəm. Allah həkimlərin canını salamat eləsin. Məni yaxşı qarşıladılar. Mənə vaksini vurdular, özümü də yaxşı hiss eləyirəm.

Mütəxəssislər deyir ki, vaksin vurulandan sonra ümumi halsızlıq, hərarətin artması da mümkündür. Bundan qorxub təlaşa qapılmaq lazım deyil. Müəyyən müddətdən sonra bu simptomlar aradan qalxacaq. Dövlətimiz bu məsələdə öz üzərinə düşən öhdəliyi yerinə yetirərək vaksinlərin ölkəyə vaxtında gətirilməsini təmin edib. İndi əsas məsələ əhalinin öz məsuliyyətini dərk edərək vaksinasiya prosesinə ciddi yanaşması və prosesdə aktiv iştirak etməsidir:

Həkim İlqar Ramizoğlu deyir ki, yanvar ayının 20-dən etibarən vətəndaşlarımızın vaksinasiyasına başlanıb: “İlk mərhələdə nəzərdə tutulduğu kimi tibb işçiləri vaksinasiya prosesinə cəlb edilib. 731 nəfər tibb işçisi vaksinasiyadan keçirilib. Fevral ayının 8-dən etibarən isə yaşı 65-dən yuxarı olan vətəndaşlarımızın vaksinasiya prosesinə başlanılıb. Hal-hazırda vaksinasiya prosesi uğurla davam etdirilir. 151 nəfər vaksinasiyadan keçib. Vətəndaşlara müraciət edib demək istəyirik ki, COVID-19 virus infeksiyasına qarşı vaksinasiya həyati əhəmiyyət kəsb eləyir. Bütün vətəndaşlarımızın bu vaksinasiya prosesində iştirak etməsi vacibdir”.

Qeyd edək ki, Azərbaycanda Çin istehsalı olan "CoronaVac" vaksini ilə peyvəndlənmə həyata keçirilir. Vaksinasiya prosesindən keçmiş insanlar da rahatlaşmamalı, qoruyucu tədbirlərə ciddi şəkildə əməl etməlidirlər. Çünki vaksin orqanizmə vurulan kimi insanı virusdan qorumağa başlamır. Vaksinasiyadan bir müddət sonra orqanizmdə qoruyucu maddələr əmələ gəlir.

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Masallı

 

Müəllif | Apa.Tv
Apa.tv