Masallıda mağaza sahibini balta ilə vurub, 12 min pulu aparan şəxs yaxalandı
Masallıda mağazaya balta ilə hücum edib, satıcıya xəsarət yetirərək 12 min manata yaxın pulu ələ keçirən şəxs saxlanılıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayon sakini Rəşad Şahverdiyev özgə əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədilə Rəşad Qasımovun Köhnə Bazar adlanan ərazidəki mağazasının qarşısına gəlib. O, əlindəki balta ilə kassanın yerləşdiyi otağa basqın edib və mağaza sahibinə xəsarət yetirib. Mağaza sahibi özünü müdafiə etmək üçün oradan uzaqlaşdıqdan sonra Rəşad Şahverdiyev otaqda yerləşən dolabdan 11822 manat pulu götürərək ərazidən uzaqlaşıb.
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törədən Rəşad Şahverdiyev saxlanılaraq istintaqa təhvil verilib.
Rayon Polis Şöbəsinin müstəntiqi Miramil Baxışovun sözlərinə görə, saxlanılan şəxs barəsində 4 ay həbs qəti imkan tədbiri seçilib: “Faktla bağlı RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikası CM-nin 181.2.5 maddəsi ilə başlanmış cinayət işi üzrə Şahverdiyev Rəşad Sədiya oğlu barəsində Masallı Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilmişdir.
Faktla bağlı araşdırma aparılır.