Masallıda maskadan istifadə etməyənlər cərimələndi – POLİS REYD KEÇİRİB
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə respublika ərazisində olduğu kimi Masallıda da işlər davam etdirilir.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayon ərazisində polis əməkdaşları qapalı məkanlara, ticarət obyektlərinə, bankomatların qarşısına və tibbi maskadan istifadənin zəruri olduğu digər yerlərə baxış keçirir, koronavirusun yayılmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə nəzarət edirlər. Çəkiliş zamanı insanların əksəriyyətinin tibbi maska ilə bağlı tələbə riayət etdikləri görünsə də, maskadan istifadə etməyənlərə də rast gəldik.
Obyekt sahibi Kazım Kazımov pandemiya ilə əlaqədar olaraq bütün qabaqlayıcı tədbirləri gördüklərini, müştərilərə tibbi maskanın zəruriliyi ilə bağlı xəbərdarlıq etdiklərini bildirir: “Tələb eləyirik ki, maska taxsınlar, girişdə spirt qoymuşuq, spirtdən istifadə etsinlər. Biz öz tədbirimizi yerinə yetiririk, onlar da öz işlərini görsünlər. Hər bir şeydə hazırdır, maskadan istifadə eləsinlər”.
Polis əməkdaşları deyir ki, gigiyenik vasitələrdən istifadənin zəruriliyi ilə bağlı xəbərdarlıqlara məhəl qoymayan vətəndaşlar barəsində müvafiq cəza tədbirləri görülüb: “Edilən xəbərdarlıqlara məhəl qoymayan vətəndaşlar barəsində qanunamüvafiq tədbirlər görürük, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə barələrində protokol tərtib olunur”.
Pandemiyanın yayılmasına qarşı mübarizə tədbirləri mütəmadi olaraq davam etdiriləcək.
Tural Kərimov
Rövşən Əzimov
APA TV