Masallıda öldürülən gəlinin dayısı danışdı: “Yaş məsələsi...”
“Fatimənin heç bir xəstəliyi olmayıb. Toydan əvvəl onu Bakıda müayinədən şəxsən keçirtmişdim”.
APA TV-nin cənub bürosunun xəbərinə görə, bunu yanvarın 29-da Masallıda əri tərəfindən öldürülən 2003-cü il təvəllüdlü Fatimə Mayıs qızı Qəmbərovanın dayısı Qəmbər Hüseynov deyib.
O, Fatimənin 19 gün əvvəl 16 yaşında ərə verilməsi ilə bağlı ittihamlara belə cavab verib:
“Mətbuatda yayılan o yaş məsələsi yanlışdır. Uşaq 17 yaşın içindədir. Orta yaşın keçib artıq. İcazə məsələsi də həll olunub. Qaldı ki, xəstəliyi məsələsi, onun heç bir xəstəliyi yoxdur. 13.11.2019-cu ildə Qarayev İnstitutundan mən şəxsən özüm kağız almışam sağlamlıq haqqında. O uşaqda heç bir xəstəlik olmadan götürüb gəlmişəm rayona”.
Qeyd edək ki, yanvarın 29-da saat 11:00 radələrində Masallı rayonunun Həsənli kənd sakini, 2003-cü il təvəllüdlü Fatimə Mayıs qızı Qəmbərovanın üzərində zorakılıq əlamətləri olan meyiti rayon mərkəzi xəstəxanasına daxil olub. Polis və prokurorluq əməkdaşlarının, məhkəmə-tibbi ekspertin iştirakı ilə Fatimə Qəmbərovanın meyitinə baxış zamanı, meyitin boyun nahiyəsində, sağ əlin arxa hissəsində, həmçinin bel nahiyəsində xəsarətlər aşkar edilib. Peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Fatimə Qəmbərovanın 2 həftə əvvəl evləndiyi 2001-ci il təvəllüdlü Xoşçobanlı kənd sakini İman Məmmədov tərəfindən yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun əlləri ilə Fatimə Qəmbərovanı boğaraq törədilməsinə əsaslı şübhələr müəyyən edilib. İman Məmmədov şübhəli şəxs qismində tutulub, müdafiəçinin iştirakı ilə dindirilən zaman törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı cinayət işi başlanıb.