Masallıda postlar qurulub, vətəndaşların icazəsi yoxlanılır – SƏRT KARANTİN QAYDALARI
Masallıda sərtləşdirilmiş karantin rejiminin tələblərinin icrasına ciddi şəkildə nəzarət edilir.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, şəhərin bütün giriş hissələrində postlar qurulub. Masallı RPŞ-nin bölmə rəisi Elşən Talıbov deyir ki, polis və daxili qoşunların hərbi qulluqçuları vətəndaşların müvafiq icazələrinin olub-olmadığını yoxlayırlar: “Karantin rejiminin sərtləşdirilməsi ilə bağlı olaraq Masallı RPŞ tərəfindən şəhərin bütün giriş hissələrində stasionar postlar qurulub. Bundan əlavə, polis əməkdaşları avtopatrul və piyada marşrutları ilə xidmət aparır. Vətəndaşların müvafiq icazələrinin olub-olmadığı yoxlanılır. Karantin rejiminin tələblərinin icrasına ciddi şəkildə nəzarət edilir”.
Küçələrdə insanların əvvəlki günlərə nisbətən dəfələrlə az olduğu, vətəndaşların karantin rejiminin tələblərinə məsuliyyətlə yanaşdığı müşahidə edilir. Fəaliyyətinə icazə verilmiş obyektlərdən birinin sahibi Ərəstun Niftullayev sanitar rejimin tələblərinə riayət etməyə çalışdıqlarını bildirir: “Mən maşın təmir sexində fəaliyyət göstərirəm. Pandemiya dövründə bizə müraciətlər olur, müraciətlər əsasında biz vətəndaşlara xidmət göstəririk. Xidmət vaxtı biz maskalardan və əlcəklərdən istifadə edirik, ara məsafəsi saxlamağa həmişə fikir veririk”.
Edilən xəbərdarlıqlara rəğmən karantin qaydalarını pozan şəxslərlə bağlı isə qanunamüvafiq tədbirlər görülür.
Tural Kərimov
Rövşən Əzimov
APA TV