Masallıda qəzalı vəziyyətdə olan məktəbin təmirə ehtiyacı var
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Masallı rayonunun Qəzvinoba kənd tam orta məktəbinin yerləşdiyi tikili keçən əsrin 60-cı illərində istifadəyə verilib. Özü də o vaxtlar məktəb kimi yox, kümxana kimi. Əvvəl 3 otaq olsa da, sonradan otaqların sayı artırılıb. 70 ilə yaxın vaxt keçib, amma qəzalı vəziyyətdə olan bu tikili əsaslı təmir olunmayıb.
Məktəbin taxta döşəməsi çürüyüb, sinif otaqlarında dərin çatlar yaranıb, payız və qış mövsümündə tavan hissəsindəki boşluqlardan yağış suları birbaşa sinif otaqlarına tökülür. Kənd camaatı öz gücünə müəyyən kosmetik təmir işləri görsələr də, vəziyyət dəyişməz olaraq qalır.
Sakinlər bildirir ki, qəzalı vəziyyətə görə, uşaqları məktəbə göndərməyə qorxurlar:
-Mənim 2 övladım da burada təhsil alır. Amma bura yararlı olmadığından uşaqları məktəbə göndərməyə çəkinirik. Yəni ola bilər ki, məktəbin tavanı, divarları uçsun. Uşaqların təhlükəsizliyinə cavabdeh kimi heç kəsi görmürük.)
- Məktəb bərbad vəziyyətdədir. Mənim öz övladım da bu il 1-ci sinfə gedəcək, burada təhsil alacaq. Özüm də uşağımı bu məktəbə göndərməkdə tərəddüd edirəm. Qorxulu vəziyyətdir. Məktəbin zirzəmisində it və ilan yuvaları var. Dövlətimizdən çox xahiş edirik ki, bizim üçün şəraitli bir məktəb tikilsin.”
- Mənim 74 yaşım var. 14-15 nəvə və nəticələrim bu məktəbdə oxuyurlar. Döşəmələr, tavanlar, divarlar bərbad haldadırlar. Şalban çürüyüb onların başına tökülür. Uşaqlar da "məktəbə getmirik" deyirlər. Uşaqdır, qaçırlar, düşürlər, ayaqları hamısı sınıq-sınıq.”
Sakinlər bildirir ki, məktəb binası yararsız hala düşdüyündən qışda otaqların qızdırılması da çətindir, sinifləri odun yandırmaqla isitməyə çalışırlar. Keçən il su və işıq problemi müəyyən qədər həll olunub, məktəbin həyətində sanitar qovşağı tikilib. Lakin məktəbin ərazisi hasarlanmadığından həyətə mal-qara girir.
Məktəbin vəziyyəti ilə bağlı üz tutduq Masallı Rayon Təhsil Şöbəsinə. Təhsil Şöbəsinin müdir müavini Samit İslamov bildirildi ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda məktəbin yeni binasının tikintisi nəzərdə tutulub:“Bu barədə bizə məlumatlar daxil olur və həmin məlumatlara əsasən də biz gedib özümüz də məktəbə baxış keçirmişik. Məktəbin vəziyyəti barədə Təhsil Nazirliyinin qarşısında məsələ qaldırmışıq. Məndə olan məlumata görə, Qəzvinoba məktəbi bu yaxınlarda tikilməlidir. Çünki, Dövlət Proqramına onun tikintisi daxil edilib, bu barədə göstəriş vardır. İnanırıq ki, gələn dərs ilində məktəb hazır olacaq və şagirdlərin ixtiyarına veriləcək.”
20 müəllimin dərs dediyi məktəbdə yeni tədris ilində 140 nəfərdən çox şagirdin təhsil alacağı gözlənilir. Şəraitsizlikdən qonşu kəndlərin məktəblərinə üz tutanlar da az deyil.
Tural Kərimov
Rövşən Əzimov
APA TV. Masallı