Masallıda şəhid övladları üçün yay düşərgəsi təşkil olundu
Vətən Müharibəsi şəhidlərinin övladları üçün “Əmanət“ yay düşərgəsi bu dəfə Masallıda təşkil olunub.
APA Tv-nin yerli bürosunun verdiyi məlumata görə , Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə keçirilən düşərgədə Masallı rayonundan olan 20 şəhid övladı iştirak edib. İştirakçılar əvvəlcə Masallı şəhərinin Vətən uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinə inşa edilən Qəhrəmanlar Parkını ziyarət ediblər. Daha sonra Şuşa əməliyyatının maraqlı detallarını özündə əks etdirən, bu əməliyyatı həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrların yer aldığı “Şuşa, sən azadsan!” sənədli filmi təqdim olunub. Düşərgə müxtəlif personajların təqdimatında bədii-əyləncəli proqram, yeni tanışlıqlar və rəngarəng görüntülərlə davam edib.
Ötən aydan etibarən start verilən “Əmanət“ adlı yay düşərgəsinə Lənkəran, Cəlilabad və Masallıdan ümumilikdə 70-ə yaxın şəhid övladı cəlb edilib. Belə düşərgələrin növbəti mərhələdə digər rayonlarda da təşkil olunması nəzərdə tutulub.
Tural Kərimov
Rövşən Əzimov
APA TV. Masallı