Masallıda yaşayış yerini tərk edən 2 aktiv koronavirus daşıyıcısı aşkarlanıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən daha 2 nəfər aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Cəlilabad rayon sakinləri İlham Səmədov və Xudaş Dövlətova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb. Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerlərini tərk etdiyi müəyyən edilib. İlham Səmədov Masallı şəhəri ərazisində ictimai yerdə, Xudaş Dövlətov isə Masallı şəhərinin giriş hissəsində qurulmuş stasionar postlardan birində müvafiq yoxlama zamanı aşkarlanaraq yaşadıqları ünvanlara geri qaytarılıblar.

Həmin şəxslərin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Masallı Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Tural Kərimov,

Rövşən Əzimov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv