Masallıda zəhərli ilanlar evə hücum etdi – BİR AİLƏ TƏHLÜKƏ QARŞISINDA
Masallıda zəhərli ilanlar yaşayış evinə hücum edib.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, dünən axşam saatlarında rayonun Rüdəkənar kənd sakini İlham Əkbərova məxsus evi ilanlar basıb.
Zəhərli ilanların həyətyanı sahəyə və evə girməsindən ev sahibi və onun həyat yoldaşı çox narahatdır. Yuxuları ərşə çəkilən Əkbərovlar ailəsi dünəndən müxtəlif təsərrüfat alətləri ilə evlərini mühafizə edirlər. Artıq 17 ilanı zərərsizləşdiriblər, ən iri ilanın uzunluğu isə 1.3 metrə çatır.
Kənd sakininin evi gölə yaxın yerləşir. 25 ildir sözügedən ərazidə yaşayan İlham Əkbərov deyir ki, əvvəllər də belə hadisələr olub, amma həyətyanı sahədə. Ev sahibi İlham Əkbərov deyir ki, indi zəhərli ilanlar evə hücum ediblər, hətta yuva qurublar: “Burada bir yerdə idilər çoxu, 5-i səhv eləmirəmsə, evdə idi. Mən elə bilirəm divarın içində yuva tutublar onlar. Çünki oradan birinci səs eşitdim, sən demə, evə daraşırmışlar. Mən özüm kənd adamıyam, dağda böyümüşük. Bu su ilanı deyil. Gürzə sortu deyirlər, o sortdandırlar. Çoxalıb bu həyətdə, daha doğrusu, həyətdə görərdim qabaq. 2-3 ədəd olardı, onları adam öldürərdi”.
Lakin sürünənlərin dəfələrlə öldürülməsinə baxmayaraq hələ də təhlükə sovuşmayıb. Bir neçə gündür, havaların isti keçməsi ilanları daha da aktivləşdirib. Məsələ ilə bağlı ev sahibi kənd icra nümayəndəliyinə, bələdiyyəyə müraciət edib. Bu gün həyətdə dezinfeksiya işləri aparılıb. Amma Əkbərovlar ailəsi aidiyyəti qurumlardan daha təsiredici yardım gözləyir.
Tural Kərimov
Rövşən Əzimov
APA TV