Masazır gölü quruya, duz fırtınaları ola bilər - Duz gölündən reportaj
Əvvəllər bu göldən hər kəs rahatlıqla istifadə edə bilirdi. Kimisi duz yığırdı, kimisi müalicə almağa gəlirdi. Digərləri isə bu gölün sadəcə mənzərəsinə tamaşa edirdi. Ancaq indi onun mənzərəsi heç də tamaşa ediləcək qədər ürəkaçan deyil. Gölün ətrafı guya qorunması məqsədilə hasarlanıb. Bəs qorunan gölün vəziyyəti niyə belə acınacaqlıdır? Görəsən, hər kəsin gördüyü bərbad vəziyyəti ölkə ərazisindəki ekoloji vəziyyətdən məsul olan qurumlar görmürmü? Ola bilməz ki, vəziyyətdən bixəbər olsunlar. Amma nəyə görəsə hərəkətə keçmək maraqlarında deyil. Yəqin dırnaqarası daha “maraqlı” məsələlər var. Bəlkə 1-2 günlük fors major haldır deyə gözlədik. Amma poroblemə bir əncam çəkən olmadı. Bir neçə gün müşahidələrimizi etdikdən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məsələ ilə bağlı mövqe öyrənməyə çalışdıq. Bizi nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə yönləndirdilər. Xidmətin rəisi Hikmət Əlizadə göldəki ekoloji vəziyyətlə bağlı müəyyən vaxtlarda monitorinq və analizlər aparıldığını dedi. Ekoloq qeyd edir ki, gölün ekoloji vəziyyətinin düzəldilməsi üçün təcili olaraq işlər görülməlidir. Gölə buraxılan çirkab suların qarşısı alınmalıdır. Yəqin kadrlardan da gördünüz ki, kimin ürəyi istəsə bir kürsü gətirib bu göldə otura bilir. Bəlkə duz satıb bizə yedirdə də bilir. Amma bir vaxt Abşeronun incilərindən olan bu gölün şərti hasarlanaraq insanlardan təcrid olunmasını yox, gerçəkdə qorunmasını ümid edirik. Onu da ümid edirik ki, aidiyyəti qurumlar duz gölündəki problemə şit yanaşmayacaqlar. ORXAN ASLAN ARİF ƏLİYEV APA TV