Masazırda su anbarını kimlər zibil poliqonuna çevirib?

Bura hansısa zibil poliqonu deyil, Abşeron rayonu Masazır kəndi Məmməd Səid Ordubadi küçəsində vaxtilə inşa edilən su anbarıdır. “Bu su anbarını hansı qurum tikib”, “tikinti niyə yarımçıq qalıb”, “indi niyə zibilliyə çevrilib” kimi suallara cavab tapmaq üçün

Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahlar Həsənovla əlaqə saxladıq. Şahlar Həsənov bildirdi ki, ərazini zibilxanaya sakinlər çevirib. Onlarla dəfələrlə söhbətlər aparılsa da, heç bir nəticə verməyib.

Təbii ki, bu verdiyimiz sualın cavabı deyildi. Anbarın taleyinə gəldikdə isə icra nümayəndəsi bildirdi ki, anbar “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin balansında olduğundan cavabdehliyi də adıçəkilən qurum daşıyır.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən isə bildirildi ki, Masazırda “Cantəpə” kimi tanınan ərazinin yuxarı hissəsində qurum tərəfindən hansısa su anbarı tikintisi həyata keçirilməyib. Sözügedən yer boş ərazidir və gələcəkdə oranın su anbarı olması barədə də hər hansı plan yoxdur.

Masazırın ən hündür ərazisi tikinti üçün ona görə seçilib ki, perspektivdə yaşayış məntəqəsi genişlənəndə su təbii axınla hər kəs üçün əlçatan olsun, sakinlərin su təminatı yaxşılaşsın. Bu məqsədlə ərazidə qazma işləri aparılıb, anbarın aşağı hissəsinə və dörd bir tərəfinə monolit beton döşənib ki, anbarda toplanan su itkiyə getməsin, torpağa sızmasın. Amma nə faydası... Nəticə göz önündədir. Nə vətəndaş sahib çıxır, nə də aidiyyəti qurumlar.

 

 

AYTƏN SAKİTQIZI

FARİZ QULUYEV

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv