Maşın qaçıran şəxsin əvvəl də oğurluq etdiyi məlum olub – QUBADA ƏMƏLİYYAT
Qubada avtomobil qaçıran şəxs saxlanılıb.
DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, rayon Polis Şöbəsinə Aşağı Atuc kəndi ərazisindən “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobillə Xaçmaz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törədilməsi müəyyən edilib. Keçirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qusar rayon sakini, əvvəllər məhkum olunmuş Raman Mirzəliyev saxlanılıb.
Onun ətrafında aparılan əməliyyat tədbirləri zamanı bağ sahələrinin birindən bir ədəd motorlu mişar oğurladığı da müəyyən edilib: “Gəlmişdim Qubanın Atuc kəndinə, piyan idim bir az. “VAZ-2107” var idi, açarları da üstündə. Sürdüm getdim Xaçmaza, orda qəza törətdim. Qubadan da oğurluq eləmişəm”.
Faktla bağlı araşdırma aparılır.