Maşın texniki baxışdan keçməzdən öncə bu cərimələri ödəməlisiniz - SÜRÜCÜLƏR DİQQƏT
Avtomobili texniki baxışdan keçirən zaman hansı tip cərimələr ödənilməlidir? Bu sual sosial şəbəkələrdə sürücülər arasında geniş müzakirələrə səbəb olub.
APA TV-nin məlumatına görə, sürücülərin bir qismi sosial şəbəkələrdə yazır ki, avtomobili texniki baxışdan keçirən zaman, yalnız Dövlət Yol Polisinin cəriməsi ödənildikdən sonra sənədləşmələr aparılır. Bəzi sürücülər isə deyir ki, Bakı Nəqliyyat Agentliyinin cəriməsini də ödəmək lazım gəlir.
Paytaxtda sürücülərlə apardığımız sorğu zamanı müəyyən etdik ki, problemlə ilə bağlı müxtəlif fikirlər var.
- Dövlət Yol Polisinə nə cəriməmiz olub, ödəmişik, texniki baxışdan keçmişik.
- Hər ikisindən cəriməm var mənim. Dayanma durmadan 4-5 cəriməm var. Texniki baxışdan keçirən zaman hansı cərimələrin ödənilməsini tələb etdilər? Bircə dövlət yol polisin cəriməsini ödədim, 54 manat, texniki baxışdan keçirdilər.
Bəzi sürücülər isə deyir ki, hər iki qurumun cəriməsi ödənildikdən sonra, avtomobil texniki baxışdan keçirilir.
- Maşını texniki baxışa apardım, 2 qurumdan da cəriməm var idi, ikisini də ödədim, keçirdilər.
- İldə bir dəfə mən texniki baxışa gedirəm. Adətən o vaxtda cəriməsiz gedirəm. o zaman problem olmur. Ödədiyini zamandan hər ikisini ödəyirsiz? Bəli hər iki qurumun cəriməsini ödəyirsən.
Problemlə bağlı Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin mövqeyini öyrəndik. İdarədən bildirdilər ki, sürücü avtomobillə bağlı hər hansı qayda pozuntusuna yol veribsə, bu cəriməni texniki baxışdan keçməzdən öncə ödəməlidir. Bu isə həm Dövlət Yol Polisinin həm də Bakı Nəqliyyat Agentliyinin cərimələrinə şamil olunur.
Nəqliyyat vasitəsini texniki baxışa təqdim edən zaman, müvafiq sənədlərlə yanaşı, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyin təmin edilməsi, avtomobil yollarının istifadə qaydalarının əleyhinə olan, inzibatı xəta haqqında iş üzrə cərimə ödəndikdən sonra, həmin nəqliyyat vasitəsinin texniki vəziyyəti yoxlanılır. Müayinə həyata keçirilir.
Qeyd edək ki, vətəndaşlar avtomobillərinin texniki baxışdan keçirilməsi ilə əlaqədar onları maraqlandıran məsələlərin operativ öyrənilməsi üçün 012-511-08-40 nömrəli qaynar xətlə də əlaqə saxlaya bilərlər.
Semral Cavad
Əli Ələkbərov
APA TV