Maska taxmamağa görə cərimələr iki dəfə artırıldı – QANUN QÜVVƏYƏ MİNDİ
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.
APA TV-nin məlumatına görə, qanuna əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı cərimələr artırılıb.
Belə ki, pandemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə, fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.
Eyni zamanda, bu xətanın qanun qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə, fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə ediləcək.
Bununla yanaşı, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələrin məbləği artırılıb.
Qanuna əsasən, fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə ediləcək.