Maskanı niyə düzgün taxmırıq? – HƏKİM MƏSLƏHƏTİ

Pandemiya dövründəyik. Sosial məsafə saxlamalı, maskadan istifadə etməli, bütün qaydalara əməl etməliyik. Lakin bütün vətəndaşlar koronavirus təhdidini heçə sayaraq qaydaları pozurlar”.

 

Bazarlarda, qapalı  məkanlarda maskasız gəzən vətəndaşların sayı kifayət qədərdir. İnsanlar maskanı gah çənə, gah da burun altına taxırlar. Görünür, vətəndaşların əksəriyyətini nə hər gün virusa yoluxub xəstəxanalarda yatan yüzlərlə insan, nə də COVİD-19-un aldığı canlar qorxudur. İnsanların əksəriyyətinin maskadan düzgün istifadə etməməsi, koronavirus yoxmuş kimi rahatca hərəkət etməsi gündəlik virusa yoluxma statistikasında da özünü göstərdi. Bu baxımdan həftə sonları sərt karantin rejiminin tətbiqini də məhz öz məsuliyyətsizliyimizə borcluyuq. 

 

Bununla bağlı şəhərdə apardığımız sorğu zamanı vətəndaşlar qoyulan qaydalara düzgün əməl etdiklərini desələr də, mənzərənin fərqli olduğunun şahidi olduq.

 

- Hər gün dəyişirik, qapalı yerlərdə metroda, avtobuslarda istifadə edirik.

 

- Dəyişirəm, təzəsini alıram aptekdən.

 

- Evə getdimsə, nahardan sonra dəyişirəm, təzəsini taxıram. Həm də maşında təzəsi var daim.

 

Maraqlıdır, vətəndaşların hər biri qaydalara dedikləri kimi riayət edirsə, virusa yoluxanların sayı niyə kəskin artır?

 

Həkim-infeksionist Azər Nağıyev də vətəndaşları tibbi maskalardan düzgün istifadə etməyə çağırır: “Tənəffüs yollarını qoruyan vasitələr maskalardır. Bunlar koronavirusdan qorunmaq üçün mütləq vasitələrdir. Buna barmaqarası baxmaq lazım deyil. Vətəndaşlarımız unutmalı deyillər ki, tənəffüs yolları dediyimiz ağciyərlər və nəfəs həm burundan, həm də ağızdan daxil olur. Ona görə də tibbi maska mən taxdığım kimi - burun və ağızı əhatə etməklə, kənardan hava daxil olmamaqla, bu şəkildə geyinilməlidir”.

 

Bəzi vətəndaşların eyni maskadan uzun müddət istifadə etməsinə gəlincə, maskalar ən uzağı bir günə istifadə olunmalıdır: “İnsanlar var ki, həftə ilə, ay ilə bir maskadan istifadə edirlər. Cırılana, qopana qədər taxırlar. Bu qətiyyən doğru deyil”.

 

Qeyd edək ki, karantin rejimi dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələbləri pozan fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.

 

Müəllif | Apa.Tv
Apa.tv