Maştağada polis əməliyyatı - AXTARILAN ŞƏXS TUTULDU
Paytaxtın Maştağa qəsəbəsində narkotik alverində şübhəli bilinən şəxs saxlanılıb.
APA TV-nin Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumatına görə, polis barəsində bir müddətdir axtarış elan edilən qəsəbə sakini Cavidan Babayevi ələ keçirib.
Bu ilin noyabr ayının 12-də onun qəsəbədəki evinin həyətyanı sahəsindəki istixanadan 316 ədəd - çəkisi isə 12 kq 710 qram olan çətənə bitkisi, evindən isə 30 qramdan artıq qurudulmuş marixuana, həmçinin sənədsiz tüfəng və 7 patron aşkar edilib. C.Babayev həmin əməliyyat zamanı aradan çıxmağa müvəffəq olub.
Saxlanılan şəxs bu dəfə kibrit qutularına yığıb evdə və həyətdə gizlətdiyi 160 qramdan artıq marixuananı təhvil verib. O, narkotikdən istifadə ilə bərabər, satdığını da etiraf edib.
Faktla bağlı cinayət işi başlanıb.