MDB-dən olan müşahidəçilər: “Kiçik pozuntular seçkilərin nəticələrinə əhəmiyyətli rol oynamayıb”

“Azərbaycanda növbədənkənar parlament seçkiləri konstitusiya və qanunvericiliyə uyğun olaraq, rəqabətli və demokratik şəkildə həyata keçirilib”.

 

APA TV-nin məlumatına görə, bunu seçkilərlə əlaqədar keçirilən mətbuat konfransında MDB müşahidə missiyasının rəhbəri Viktor Quminski deyib.

 

Onun sözlərinə görə, MDB müşahidə missiyası Azərbaycanın dəvəti ilə növbədənkənar parlament seçkilərini izləyib: “Seçkiləri izləmək üçün MDB müşahidə missiyasının 252 müşahidəçisi akkreditasiya olunub. Onun tərkibinə Belarus, Rusiya, Qırğızıstan, Qazaxıstan, eləcə də digər MDB ölkələrindən olan müşahidəçilər daxil olub. Müşahidə missiyasının sərbəst şəkildə fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb”.

 

Missiya rəhbəri bildirib ki, bəzi məntəqələrdə kiçik pozuntulara rast gəlinsə də, bunlar seçkinin gedişatında əhəmiyyətli rol oynamayıb: “Bizdə kiməsə maneə yaradılması ilə bağlı məlumat yoxdur. Təbliğat-təşviqat prosesində plakatların cırılması hallarına rast gəlinib. Lakin bunlar çox kiçik hallardır və seçki prosesinə təsir göstərməyib. Seçki günündə MSK-ya 260 müraciət daxil olub ki, onların çoxu kiçik nöqsanlardır. Biz öz qeydlərimizi seçkinin rəsmi nəticələrindən sonra təqdim edəcəyik”.

 

Seçici siyahılarının hər il yeniləndiyini diqqətə çatdıran Viktor Quminski ölkənin 20 regionunda müşahidə apardıqlarını qeyd edib.

Müəllif | Apa.Tv
Apa.tv