Məcburi köçkün qadın üç uşaqla kirayədə yaşayır - DÖVLƏT KOMİTƏSİ SƏBƏBİNİ AÇIQLADI
Binəqədi rayonu I mədən, korpus 47, ev 271-də yerləşən bu mənzil kənardan olduqca kasıb və yiyəsiz görünür. Əslində isə burada Məhərrəmovlar ailəsi yaşayır. Uzun illərdir bu ünvanda kirayədə yaşayan ailə 4 nəfərdən ibarətdir: ana və 3 övladı.
Gülxar Məhərrəmova deyir ki, 1993-cü ildən Ağdam rayonunun Eyvazxanbəyli kəndindən qaçqın düşüblər. İlk məskunlaşdıqları məntəqə Bərdə rayonunda çadır şəhərciyi olub. Bərdəyə gəldikdən sonra burada ailə həyatı qurub.
Həmsöhbətimiz ailə qurub xoşbəxt olacağını düşündüyü halda, yağışdan çıxıb yağmura düşüb. 3 övlad dünyaya gətirsə də, həyat yoldaşı ilə aralarında tez-tez münaqişə baş verdiyindən, 2006-cı ildə həyat yollarını ayırıblar. Övladları ilə bərabər Bakıya gələn Gülxar Məhərrəmova burada kirayə mənzil tutaraq yaşamağa başlayıb. Ali təhsili olmadığından, gündəlik işlərdə işləməyə başlayıb. Restoranda qab yuyub, mebel sexində kişilərlə bərabər ağır işlərdə çalışaraq uşaqlarını böyüdüb. Rəsmi nikahı olmadığından, keçmiş həyat yoldaşından aliment də tələb edə bilməyib.
Gülxar Məhərrəmovanın APA TV-yə müraciət etməsinin səbəbi isə sənədlərinin qaydasında olmamasıdır: “Bu, mənim qaçqınlıq vəsiqəmdir. Neçə illərdir Bərdəyə gedib-gələ bilmədiyimdən, vəsiqənin vaxtı keçib. Deyirlər, ildə bir dəfə yenilənmə olur, möhür vururlar vəsiqəyə. Mən bunu indi bilmişəm. Savadsız adamam, ona görə başım çıxmayıb bu işlərdən, vəsiqənin vaxtı bitib”.
Şikayətçi qadın deyir ki, sənədlərinin dalınca bir beçə dəfə Bərdə rayonuna getsə də, faydası olmayıb. İtirdiyi isə həm vaxtı, həm də yollara sərf etdiyi pulu olub: “Mən Ağdam rayonunun Eyvazxanbəyli kəndində qeydiyyatdayam. Amma müvəqqəti yaşayış yerim bəlli deyil. Çünki biz Bərdədən xəbərimiz olmadan çıxarılmışıq. Dörd gün gedib Bərdədə sənəd dalınca düşməyim mənim burda işimi itirməyimə, ev kirayəmi verə bilməməyimə və uşaqlarımın başsız, ac-susuz qalmağıma səbəb olur. Mənə kömək eləsinlər ki, sənədimi Bərdəyə getmədən elə burda düzəldə bilim”.
Gülxar Məhərrəmovanın problemləri bununla bitmir. Deyir, illərdir divarları nəm çəkən, damı başına uçan, qazı, suyu fasilələrlə gələn şəraitsiz evdə yaşayırlar. Məcburi köçkün olduğu halda, onun müvəqqəti mənzillə təmin edilməsi məsələsi hələ də gündəmdə deyil: “Bu evdə gördüyünüz nə varsa, hamısı ev sahibinindir. Bizim heç bir şeyimiz yoxdur. Biz də bu ölkənin vətəndaşıyıq. Bizə də bir köməklik lazımdır. Evimiz yoxdur. Biz də məcburi köçkün kimi evlə təmin olunmaq istəyirik. Ev deyəndə mən demirəm ki, bizə villa versinlər, xeyr. Bizə balaca birotaqlı ev versinlər, mən də 3 uşağımı yığım başıma, canım bu kirayə pullarından qurtarsın. Aylıq yaşayışımız bu evdə 250 manata gəlib çıxır”.
Qarşılaşdığı problemlərlə bağlı Gülxar Məhərrəmova dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, aldığı cavablar onu qane etmir: “Sənədlərimiz “Qaçqınkom”dadır. Mən şikayət edən kimi çağırırlar. Deyirlər ki, biz səni qeydiyyata almışıq. Deyirəm ki, harada almısınız qeydiyyata? Mən sabah uşağım üçün sənəd almalıyam, onu hansı ünvandan alım? Deyirlər, biz bilmirik. Deyirlər, biz səni ev növbəsində qeydiyyata almışıq”.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq Əlaqələr, informasiya və mətbuat xidməti departamentinin aparıcı məsləhətçi Nazilə Alməmmədova deyir ki, qaçqın və məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ilk növbədə mənzili qəzalı vəziyyətdə olan ailələr yeni mənzillərlə təmin ediləcək: “Ağdam rayonundan məcburi köçkün Məhərrəmova Gülxar Yusif qızının adı mənzillə təmin ediləcək məcburi köçkün ailələrinin növbəli siyahısına salınıb. Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçiriləcək növbəti köçürülmə zamanı onun müraciətinə qanunauyğun formada baxılacaq”.
O ki qaldı Gülxar Məhərrəmovanın sənədlərinin yenidən verilməsinə, qurum sözçüsü bildirdi ki, Məhərrəmova Gülxar Yusif qızı 2007-ci ilə qədər Bərdə rayonunda müvəqqəti qeydiyyatda olub: “Həmin ildən Bakı şəhərinə gələrək burada müvəqqəti məskunlaşıb. Lakin qeydiyyat üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, yaxud onun yerli nümayəndəliyinə müraciət etmədiyi üçün heç bir ünvanda qeydiyyatı yoxdur. Hazırda müvəqqəti məskunlaşdığı ünvanın çıxarışının sürəti, mülkiyyətçinin ona mənzilində yaşamağa icazə verməsi ilə bağlı notarial qaydada təsdiq olunmuş ərizəsinin surətini, şəxsiyyət və məcburi köçkünlük vəsiqəsinin surəti ilə birlikdə Dövlət Komitəsinə müraciət edərək qeydiyyata düşə bilər”.
Hər halda, Gülxar Məhərrəmovanın ev problemi tezliklə həllini tapmasa da, sənədlərinin hazırlanması məsələsinə baxılacaq. Bircə qalır lazımi sənədlərin toplanaraq aidiyyəti quruma təhvil verilməsi...