Məcburi köçkünlər üçün 107-ci qəsəbə salındı

Məcburi köçkünlər üçün salınan yeni qəsəbələrin sayı 107-ə çatdı.
 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, növbəti qəsəbə Şirvan şəhəri ərazisində inşa edilib.

Açılış mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) sədri Rövşən Rzayev, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun (MKSİF) icraçı direktoru Mahir Abbaszadə və Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov iştirak edib.


Yeni qəsəbəyə Şirvan şəhəri ərazisində 61 yataqxana, məktəb, kirayə və digər inzibati binalarda müvəqqəti məskunlaşmış, uzun müddətdir ən ağır şəraitdə yaşayan, əsasən, Zəngilan, Füzuli və Cəbrayıl rayonlarından olan 606 məcburi köçkün ailəsi -1985 nəfər köçürüləcək. Boş qalan mənzillərə isə ətraf rayonlarda müvəqqəti məskunlaşmış ailələr köçürüləcək. Bu məqsədlə püşkatma keçirilib. İlin sonuna 3 gün qalmış məcburi köçkünlərin yeni ünvana köçürülməsinə başlanacaq.

 
Tikinti işlərinə 2018-ci ilin dekabr ayında başlanıb. Yeni yaşayış kompleksində hər biri 9 mərtəbəli olmaqla 13 yaşayış binası inşa edilib. Qəsəbədəki mənzillərdən 64-ü birotaqlı, 298-i ikiotaqlı, 207-i üçotaqlı, 53-ü dördotaqlıdır. Bundan başqa, yaşayış kompleksində
540 şagird yerlik məktəb, 140 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi və ATS binası tikilib.


Elektrik təchizatı kompleksin ərazisinin işıqlandırılmasını tam təmin edir. Yaşılaşdırma sahələrinin suvarılması daxil, sakinlərin içməli su problemi ilə qarşılaşmaması üçün 1 km-ə yaxın kəmər çəkilib, 3 su anbarı tikilib, 62 ədəd suvarma kranı quraşdırılıb. Qaz, rabitə, kanalizasiya xətləri çəkilib, asfalt yol salınıb.

 

Qonaqlar şəhid ailəsi, Füzuli rayonundan məcburi köçkün, Məmmədova Zeynəb İsrafil qızının evinə baş çəkib, şəraitlə maraqlanıblar.

Müəllif | Apa.Tv
Apa.tv