Məcburi köçkünlərin yaşadığı yataqxanada yanğın oldu – BİR NƏFƏR ÖLDÜ

Sumqayıt şəhərində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı “Şəfa” sanatoriyasında yanğın olub.

 

APA TV xəbər verir ki, hadisə səhər saatlarında şəhərin 10-cu məhəlləsində qeydə alınıb. 

 

Belə ki, dördmərtəbəli yataqxana binasının ümumi sahəsi 500 kvadratmetr olan mansardında taxta konstruksiyalardan ibarət 1 otaq 15 kvadratmetr sahədə yanıb.

 

Dərhal əraziyə yanğınsöndürənlər cəlb olunub və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın yerinin kəşfiyyatı zamanı Qubadlı rayon sakini, 1972-ci il təvəllüdlü Əhmədov Məzahir Nuşirəvan oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

 

Həyat yoldaşı Gülşən Rzayeva deyir ki, bir ildir ki, ayrı yaşayırmışlar: “Biz burada çoxdan yaşayırıq. Amma bir il olar ki, ayrı qalırıq. Yəni o içki içirdi, onunla yaşamaq mümkün deyildi. Dava-dalaş, söz-söhbət olurdu, ona görə biz ayrı qalırıq. Bir gündən bir, iki gündən bir gəlib gedirdik. Yeməyini, çayını, çörəyini verib gedirdik. Qızım da gəlirdi, özüm də gəlirdim. Bir saat bundan qabaq qız zəng elədi ki, ev yanıb, atam rəhmətə gedib. İşdəydim mən”.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Müəllif | Apa.Tv
Apa.tv