MEDİA-da yenilik: YENİ SAYT İSTİFADƏYƏ VERİLDİ

 

“Dərinləşən media islahatları: Yeni hədəflərə doğru” mövzusunda konfrans və MEDİA-nın yeni veb-saytının təqdimatı keçirilib. APA TV xəbər verir ki, konfrans Azərbaycan Dövlət himinin səsləndirilməsi ilə açıq elan olunub. Beynəlxalq media və ictimaiyyət nümayəndələri, xarici və yerli media ekspertlərinin iştirak etdiyi konfransın təşkil edilməsində məqsəd Azərbaycan mətbuatının keçdiyi inkişaf yolu, müasir dövrdə media islahatları, əldə olunan ilkin nəticələr və təhlilə yönələn fikir mübadiləsinin aparılması olub. Konfransda açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 22 iyul Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib: “Media-nın İnkişafı Agentliyinin yeni saytının təqdimatını etdik. Yeni saytın özəllikləri ondan ibarətdir ki, gələcəkdə istifadəyə veriləcək media reyestri və elektron köşk platformalarının sayta qoşulmaları nəzərdə tutulub”. Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova isə bildirib ki, Azərbaycan informasiya blokadasına alındığı Birinci Qarabağ müharibəsindən fərqli olaraq, İkinci Qarabağ müharibəsində daha hazırlıqlı idi. Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsində Azərbaycan mövqeyinin dünya ictimaiyyətinə obyektiv çatdırılmasına nail olub. Səadət Yusifova həmçinin qeyd edib ki, azad olunmuş ərazilərə səfərlərin təşkili 30 il ərzindəki erməni mifini darmadağın edib. Görülən işlərin, yeni, dirçələn, çiçəklənən Qarabağın dünyaya təqdimatı isə hazırda əsas məsələdir.

Müəllif | Apa.Tv
Apa.tv