MEDİA-nin ilk müsabiqəsi: razı və narazılar nə deyir? - SORĞU

Ötən gün Medianın İnkişafı Agentliyi tərəfindən onlayn və çap mediası subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin qalibləri açıqlanıb.

 

APA TV-nin xəbərinə görə, müsabiqənin nəticələrindən razı qalanlar da var, narazı olanlar da.

 

Sport.info media qrupunun rəhbəri İlkin Muradov müsabiqənin kifayət qədər şəffaf keçirildiyini deyir: “Medianın İnkişafı Agentliyi yarandıqdan sonra biz bir sıra layihələrin qapıda olduğunu gözləyirdik. Agentliyin təsis etdiyi müsabiqə ilə bağlı şərtlərlə tanış olduq və qərar verdik ki, iştirak edək. İrəli sürülən şərtlərə media qurumu olaraq cavab verməyə hazır olduğumuzu düşündük. Ən azından ona görə görə ki, Sport.info 9 ildir fəaliyyət göstərir. Bu müddət ərzində də fəaliyyətimizdə dayanmamışıq. İndiki mərhələdə də iştirak ona görə çətin olmadı. Sadəcə, müəyyən məqamlar vardı ki, onlara da diqqət yetirmək lazımdır. Bizim üçün əsas təşkilatçılıq və şəffaflıq idi. Ekspert qrupu ilə tanışlıqdan sonra gördüm ki, təhlillər kifayət qədər obyektiv həyata keçirilir. Ola bilər ki, müəyyən saytlar müsabiqədən kənarda qalsın, amma mən onların da növbəti layihələrə qatılıb iştirak edəcəyini, qalib olacağına inanıram”.

 

Viziontv.az  saytının baş redaktoru Şöhrət El-Dəniz hesab edir ki, layihə elan olunduqdan sonra əksər televiziya kanallarında müsabiqənin şərtləri ilə bağlı aparılan fikir mübadilələrində iştirakçı olub, hətta öz təkliflərini də irəli sürüb: “Bugünkü nəticə göstərir ki, media qarşısına qoyduğu islahatlar paketi tərkibində veb-saytlara və qəzetlərə ayrılacaq yardımların verilməsində şəffaf və obyektiv olmağa meyl göstərdi və bunu gerçəkləşdirdi də. Bu baxımdan bizim saytın qalib gəlməsini də obyektiv dəyərləndirirəm. Bir də onu diqqətə çatdırmaq istəyirəm ki, kifayət qədər obyektiv keçirildi. Təbii ki, islahatlar birdən-birə geniş vüsət ala bilməz. Zamanla narazı qalan, illərdir bu sistemdə oturan qəzetlər yeni simalar, yeni mətbu orqanları, yeni veb-saytlar, yeni media subyektləri ortaya çıxaracaq”.

 

İnterpress.az saytının baş redaktoru Toğrul Allahverdilinin müsabiqənin nəticələri ilə bağlı narazı qaldığı məqamlar var: “Müsabiqənin ümumi nəticələrini götürdükdə, qənaətbəxşdir. Çünki qaliblər arasında uzun illər dəstəkdən kənarda qalan saytların adlarını gördük siyahıda. Bu təbii ki, bizi sevindirir. Bu layihələrin keçirilməsini dəstəkləyirik. Çünki ölkədə reklam bazarının zəif olması saytların və medianın inkişafına mənfi təsir edirdi. Bu məqsədlə Medianın İnkişafı Agentliyinin bu addımı alqışlanası məqamdır. Amma narazı olduğum məqamlar da var. Elə saytların adı siyahıda var ki, onların adını ilk dəfə eşidirəm. Bununla bağlı fikirlərimi sosial mediada da paylaşdım. Hətta agentliyi də işarələdim. Azərbaycan cəmiyyətində media azadlığının olması bizi sevindirir. Ümumi götürdükdə, seçimlə 99 faiz razıyam, narazılığım isə bizim saytla bağlıdır. Biz 2013-cü ildən yaratmışıq saytımızı. Niyə kənarda qaldığımızı öyrənməyə çalışıram”.

 

LAF TV-nin rəhbəri Ləman Ələşrəfqızı da müsabiqənin nəticələrindən narazılar arasındadır.

 

Məsələyə Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədlinin münasibətini öyrəndik: “Müsabiqədə qalib gəlmiş media subyektlərini təbrik edirəm. Müsabiqənin şərtlərinə cavab vermədiklərinə görə media subyektləri isə növbəti dəfə iştirak etməklə potensiallarını nümayiş etdirə bilərlər. Müsabiqənin şərtləri kifayət qədər əlçatımlı və şəffaf idi. Hər şey ekspert qiymətləndirilməsindən keçərək, bütün ballar ümumiləşdirilərək maksimum obyektivlik təmin edilmək şərti ilə qərar verilib. Məsələn, biz onlayn media subyektlərini götürsək, burda əvvəlcə onların oxucu kontingenti müəyyənləşdirilib. Daha sonra onların məzmunu qiymətləndirilib. Bu çox ağır bir prosesdir. Bunu reallaşdırmaq üçün qüvvə sərf olunub. Maksimum şəkildə çalışılıb ki, obyektiv mənzərə əks olunsun. Amma adından da göründüyü kimi, müsabiqədir, qaliblər də olur, hədəfinə nail olmayan tərəflər də olur . Amma bu o demək deyil ki, bu müsabiqə Azərbaycan mediasının bütün subyektlərini əhatə etməyəcək. Əksinə, bu bir başlanğıcdır”.

 

Natiq Məmmədlinin sözlərinə görə, bundan sonra da bütün imkanlar dəyərləndiriləcək.

 

Sevinc Vaqifqızı,

Xəqani Hüseynov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv