Media nümayəndələri işğaldan azad edilmiş ərazilərdə olub - REPORTAJ

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilməsi nəzərdə tutulan “ağıllı kənd” layihəsinin ilk olaraq reallaşdırılacağı Zəngilan rayonunun Üçüncü Ağalı kəndinə mediatur təşkil olunub.

APA TV-nin məlumatına görə, media nümayəndələri ərazi ilə tanış olublar.

Ərazidə ilk olaraq 200 fərdi evin tikintisi nəzərdə tutulub. Bu, normal kəndlərdən fərqlənəcək, modern, şəhərtipli qəsəbə olacaq. Kənddə layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq: Yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri.

200 evdən ibarət kəndin enerjiyə tələbatı yalnız alternativ enerji mənbələri hesabına təmin olunacaq.

Media nümayəndələri işğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi, Üçüncü Ağalı kəndində də erməni barbarlığının nəticələri ilə qarşılaşıblar. Kənd ərazisində demək olar ki, dağıdılmamış ev qalmayıb. Böyük ağaclar kəsilib, evlərin damı, pəncərələri sökülüb. Rayon ərazisi boyunca belə mənzərələrlə hər addımda qarşılaşmaq mümkündür.

Daha sonra media nümayəndələri Bəsitçay Dövlət Təbiət Qoruğuna baş çəkiblər. Zəngilanın məşhur Çinar meşəsi bu çayın sahilində yerləşir. Qoruğun da bərpa olunması nəzərdə tutulub.

Erməni vandalları Bəsitçay qoruğunda da çoxillik çinar ağaclarını kəsib, ərazidə ekoloji terror həyata keçiriblər. Qoruğun meşəlik ərazisinin demək olar ki, yarısı məhv edilib, yaşı təqribən 200-300 il olan ağacları kəsilib, kökü, oduncağı yandırılıb. Burada illərlə formalaşmış təbii ekosistemin tarazlığına erməni vandalizmi nəticəsində ciddi zərbə vurulub.

Media nümayəndələrinin bu gün Laçın rayonuna da mediaturu təşkil olunub.

Onlar “Güləbird” Su Elektrik Stansiyasına (SES) baxış keçiriblər.

Erməni barbarları burada da öz xislətlərini ortaya qoyublar. Erməni qəsbkarları işğal dövründə digər yerlər kimi, bu stansiyanı da darmadağın ediblər.

Güləbird kəndi işğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin tapşırığı ilə SES qısa müddət ərzində istismara verilib.

Jurnalistlər stansiyasının iş rejimi ilə tanış olub, SES-in fəaliyyəti barədə onlara məlumat verilib.  

Bildirilib ki, 8 meqavat gücündə olan “Güləbird” SES təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. SES-də istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

Bu stansiya işğaldan azad olunmuş ərazilərdə infrastrukturun yaradılması və nəzərdə tutulan digər işlərin həyata keçirilməsi baxımından böyük önəm daşıyır.

 

 

Müəllif | Apa.Tv
Apa.tv