Media nümayəndələri işğaldan azad olunan ərazilərdə olub
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə media nümayəndələri üçün növbəti səfər Füzuli və Xocavənd rayonlarına təşkil olunub.
APA TV-nin məlumatına görə, səfərin məqsədi işğal dövründə Füzuli və Xocavənd rayonlarında məhv edilmiş yaşıllıq sahələrinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə, təbii sərvətlərə, təbiət abidələrinə baxış keçirmək və ictimaiyyətə törədilən ekoloji terroru tanıtmaqdır.
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, bu ərazilərdə 14 çay, 9 su anbarı mövcuddur: "Araz, Bərgüşad, Tərtər, Həkəri, Oxçu, Lev, Zabux, Tutqun, Turağay, Bəsit, Qarqar, Quru, Xaçın və Köndələn çayları Qarabağ ərazisindədir. Bu çaylarının bəzilərinin üzərində Xudafərin, Sərsəng, Qız Qalası, Xaçınçay, Aşağı Köndələnçay, Suqovuşan, Köndələnçay-1, Köndələnçay-2 və Ağdamkənd su anbarları yerləşir. Bu anbarlardan ən böyüyü Xudafərin (1 milyard 612 milyon kubmetr) su anbarıdır. Çaylardan ən böyüyü isə Araz çayıdır. Onun uzunluğu 1072 kilometrdir".
Nazir müavini qeyd edib ki, peyk təsvirlərinə əsasən, işğal dövründə 57 hektar meşə sahəsinin məhv edildiyi müəyyən olunub: "Azərbaycan florasında ümumilikdə 5 minədək ali bitki növünə rast gəlinir. Bunlardan 2200-ü, yaxud 42 faizi Qarabağ və ətraf ərazilərdə yayılan növlərdir. Füzuli rayonu biomüxtəfliyin çoxçeşidliliyi baxımından Qarabağın ən maraqlı bölgələrindəndir. İşğal dövrünədək rayonun meşə fondunun ümumi sahəsi 124 hektar təşkil edirdi və bunun 108 hektarı meşə ilə örtülü olub. Vaxtilə rayon ərazisində təbiət abidəsi statusuna malik 11 ədəd şərq çinarı olub və bu ağacların hamısı işğal dövründə məhv edilib. Ermənilər yaşı yüz illərlə ölçülən bu ağacları kəsməklə yanaşı onların kötüklərini də yandırıblar. Təbiət abidəsi kimi dünyanın irs siyahısına daxil olmuş və 1800-2000 yaşlı çinarların ermənilər tərəfindən yandırılması yalnız Azərbaycana qarşı deyil, həm də dünyaya qarşı ekosid hərəkətdir".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev bildirib ki, təbiət abidələri sırasında hətta 1400 ilə qədər yaşı olan ağaclar olub: "Bu cür hal Cəbrayıl, Zəngilan, Qubadlı və Ağdam rayonlarının ərazisində də baş verib və bütün təbiət abidələri kəsilərək məhv olub. Bu rayonlar ərazisində 138 ədəd təbiət abidəsi olub ki, onlardan 127-si düşmən tərəfindən məhv edilib. Onların 117-si Şərq çinarıdır".
Kütləvi informasiya vasitələrinin nümayəndələri işğaldan azad edilmiş Füzuli rayonun Dövlətyarlı kəndində istismar olunmuş “Dövlətyarlı mişar daşı” yatağına baxış keçirib. Jurnalistlər əraziyə baxış keçirib, burada erməni vandalizminin şahidi olub. İşğaldan azad olunan ərazilərdə 167 ədəd qeyri-filiz və inşaat materialları qeydə alınıb.
Daha sonra, media nümayəndələri işğaldan azad edilmiş Füzuli rayonunda "Köndələnçay-1" su anbarını və Qaraməmmədli kəndini də ziyarət ediblər. Burada jurnalistlər "Köndələnçay -1" su anbarına balıq buraxıblar, daha sonra isə Qaraməmmədli kəndində ağacəkmə mərasimində iştirak ediblər.
Jurnalistlər Xocavənd rayonunun Azıx kəndində olublar, Azıx mağarasını ziyarət ediblər. Xocavənd rayonu işğal olunandan sonra ermənilər tərəfindən mağarada qeyri-qanuni arxeoloji qazıntılar aparılıb və burada müəyyən olunan arxeoloji nümunələr xarici ölkələrə daşınıb.
Sonra işğaldan azad edilmiş Xocavənd rayonun Hadrut qəsəbəsini ziyarət ediblər. Jurnalistlər burada olan şəraitlə tanış olub, yaşı 900 dən çox Şərq çinarına baxış keçiriblər.
Bununla da jurnalistlərin Füzuli və Xocavənd rayonlarına səfəri başa çatıb.