Media nümayəndələri üçün insan alverinə qarşı mübarizə mövzusunda təlim yekunlaşdı
"İnsan alveri ilə mübarizədə medianın rolu - aşkarlama, istiqamətləndirmə" mövzusunda təşkil olunmuş ikigünlük təlimə yekun vurulub.
APA TV xəbər verir ki, "APA Media Group"un ofisində təşkil olunan təlimin ikinci günündə jurnalistlərə "Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı" ilə bağlı geniş məlumat verilib, planda qeyd olunan strategiyalar üzrə hansı addımların atıla biləcəyi haqda fikir mübadiləsi aparılıb.
Burada həssas qrupların maarifləndirilməsi, sosial təminatın gücləndirilməsi, sahibkarların bu işə hansı formada cəlb edilə biləcəyinə diqqət çəkilib.
Qeyd olunub ki, vergi güzəştləri, vergidən azadetmə və başqa alətlərdən istifadə etməklə sahibkarları insan alverinin qurbanı olmuş şəxslərə köməklik göstərmələri üçün təşviq etmək mümkün ola bilər. Bu sahədə beynəlxalq təcrübənin də öyrənilməli olduğu vurğulanıb.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.
Qeyd edək ki, ötən gün "APA Media Group", "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi, "Azərbaycan Uşaqları" İctimai Birliyi", "Təmas" Regional İnkişaf İctimai Birliyi qeyri-hökumət təşkilatları arasında "Tərəfdaşlıq körpüsü" İnformasiya Dəstəyi Memorandumu imzalanıb.
FİDAN ETİBARQIZI,
AYGÜN CARÇIYEVA,
ZİYA ALLAHYAROV,
APA TV